Paşınyanın Tiflisdə puç olan arzusu

Müəllif: Elvin Səxavətoğlu

Xəbər verdiyimiz kimi, Gürcüstanda ötən gün keçirilən parlament seçkiləri "Gürcü arzusu" partiyasının qələbəsi ilə başa çatıb.  

Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Qiorgi Kalandarişvilinin açıqlamasında qeyd olunur ki, hakim partiya 54,08 faiz səs toplayaraq seçkilərdə qalib gəlib.

Onun sözlərinə görə, 3111 seçki məntəqəsindən 3100-nün səsləri hesablanıb.

Məlumdur ki, Rusiya-Qərb qarşıdurması forunda Gürcüstandakı seçkilər regionun gələcəyi üçün çox böyük əhəmiyyətə malik idi. Nəticə gözlənilən kimi oldu.

Amma ABŞ-nin rəhbərlik etdiyi Qərb bloku "Gürcü arzusu"nun qələbəsini həzm edə bilmir.

ABŞ və Avropa İttifaqı seçkilərlə bağlı qərəzli bəyanatlar səsləndiriblər. Hətta seçkidən əvvəl iddia olunurdu ki, "Gürcü arzusu" qalib gələrsə, ölkədə inqilab baş verəcək. Hələ ki, vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Bəlkə regionu qarışdırmaq istəyən Gürcüstanda ixtişaşlar törətməyə hazırlaşır. 

Seçkidən sonra əsas diqqətçəkən məqamlardan biri isə region ölkələrinin "Gürcü arzusu"nun qələbəsinə münasibəti oldu.

Azərbaycanın Gürcüstandakı seçkilərin nəticələrinə münasibəti bəllidir. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb və onu Azərbaycana səfərə dəvət edib.

Ermənistanın baş naziri Nikol Paşinyan da gürcü həmkarını təbrik edib. Amma çox narazı və narahat formada...

Nikol Paşinyan həmkarını səfərə dəvət etməyib. Sanki seçkinin nəticəsindən narazıdır.

Ehtimal etmək olar ki, Paşinyan üçün də Gürcüstandakı seçkilərin nəticəsi ürəkaçan deyil. Çünki Paşinyan qonşu ölkədə Qərbyönümlü müxalifətin qələbəsini arzulayardı. Paşinyan onlarla daha rahat yola gedə bilərdi. Ona görə ki Gürcüstanın Qərbyönümlü müxalifəti də Paşinyanın qidalandığı mənbələrdən qidalanır. 

Görünür, nə Qərbin, nə də Paşinyanın planları baş tutmayacaq. Çünki Gürcüstan xalqı seçimini edib. Onlar regional sabitliyə, inqilabsız və sabit Gürcüstana səs veriblər.