"AGF Trophy 2026" beynəlxalq turnirinin ilk günü uğurla başa çatıb

3-5 aprel tarixlərində Milli Gimnastika Arenası-da keçirilən bədii gimnastika üzrə "AGF Trophy 2026" beynəlxalq turnirinin ilk günü uğurla başa çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yarışın ilk günündə gənclər və böyüklər yaş kateqoriyasına aid gimnastlar fərdi proqramda halqa və top alətləri ilə, qrup hərəkətləri proqramında isə 5 top ilə çıxışlarını nümayiş etdiriblər.

Turnirdə Azərbaycanı Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil edir.

İlk günün təsnifat mərhələsinin nəticələrinə əsasən, halqa ilə proqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramda isə Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva final mərhələsinə vəsiqə qazanıblar.

15 ölkənin iştirak etdiyi turnirə 5 aprel tarixində yekun vurulacaq.