Bədii gimnastika üzrə Avropa kuboku başa çatdı

4 gün davam edən möhtəşəm idman bayramı - bədii gimnastika üzrə Avropa Kuboku yüksək səviyyədə başa çatdı. Ölkəmizdə artıq üçüncü dəfə keçirilən bu nüfuzlu yarış yenə də unudulmaz çıxışlar, həyəcan dolu anlar və rəngarəng proqramlarla yadda qaldı. 32 ölkədən olan zərif gimnastlar tamaşaçılara əsl sənət nümunəsi təqdim etdilər. Musiqili kompozisiyalar, xüsusi hazırlanmış rəqs elementləri və sürpriz fləşmoblar hər yaşdan izləyicinin zövqünü oxşadı.

Azərbaycan Gimnastika Federasiyasından Day.Az-a verilən məlumata görə, Azərbaycan bu mötəbər turnirdə həm fərdi, həm də qrup hərəkətləri komandası ilə təmsil olundu. Xüsusilə qeyd edək ki, qrup hərəkətləri üzrə yığmamız yeni heyətlə ilk dəfə bu yarışda çıxış edirdi. Bu, yeni komanda üçün ilk və böyük təcrübə idi.

Gənclər kateqoriyasında komandalar arasında təşkil olunan çarpaz qarşılaşmalar yarışın əsas yeniliklərindən biri oldu. Gənclər yaş kateqoriyasında komandalar hesabında çarpaz qarşılaşmada Azərbaycan və AIN 2 komandaları yarışdı. AIN 2 komandası növbəti mərhələyə keçid aldı. Nəticədə, AIN 2 birinci, Bolqarıstan ikinci, İsrail isə üçüncü yeri tutdu.

Yarışın ikinci günündə böyüklər yaş kateqoriyasında gimnastlar top və halqa ilə, üçüncü gün isə gürz və lent proqramlarında çıxış etdilər. Təsnifat mərhələsinin nəticələrinə əsasən ən güclü 16 gimnast "çarpaz qarşılaşmalar" mərhələsinə vəsiqə qazandı və 1/8 finaldan başlayaraq finala qədər mübarizə apardı.

Gərgin keçən final mərhələsinin yekununda İsrail təmsilçisi Munits Daniela qalib oldu. Ukraynalı Onofruiiçuk Taisiya ikinci, italiyalı Raffaeli Sofia isə üçüncü pillədə qərarlaşdı. Qaliblərə medalları AGF-nin vitse-prezidenti Altay Həsənov təqdim etdi.

Qrup hərəkətləri üzrə yarışda isə Bolqarıstan komandası qızıl medala layiq görüldü. İsrail ikinci, AIN 2 komandası isə üçüncü yeri tutdu. Mükafatlandırma mərasimində medalları Avropa Gimnastikasının prezidenti, gənclər və idman naziri Fərid Qayıbov təqdim etdi.

Yarışın sonunda təşkilatçılar tərəfindən iki xüsusi nominasiya da təqdim olundu. Ardıcıl olaraq Avropa kuboku yarışlarında iştirak etdiyinə və sabit nəticələr göstərdiyinə görə Raffaeli Sofiya "Cross Battle Queen", Avropa kubokuna digər qitədən qoşularaq qrup hərəkətləri proqramında  çıxış etdiklərinə görə Venesuela komandası "Breakthrough Team" nominasiyasına layiq görüldü.

Beləliklə, 4 gün davam edən bu zərif və möhtəşəm mübarizəyə yekun vuruldu. Milli Gimnastika Arenası yarış boyunca tamaşaçıların enerjisi və coşqusuna şahidlik etdi. Tamaşaçılarla keçirilən maraqlı müsabiqələr və əyləncəli anlar isə tədbiri daha da yaddaqalan etdi. Qaliblərə AGF-nin sponsoru Smarton tərəfindən dəyərli hədiyyələr təqdim olundu.