Övladlarına qarşı bunu edən valideynlər 3000 MANAT CƏRİMƏLƏNƏCƏK
Uşaqların hüquqlarının qorunması dövlətin əsas prioritetlərindən biridir.
Azərbaycan Respublikasının qanunvericiliyi valideynlərin övladları qarşısında daşıdıqları hüquq və vəzifələri aydın şəkildə müəyyən edir. Valideynlər yalnız uşaqların maddi təminatına deyil, həm də onların fiziki, mənəvi və psixoloji inkişafına görə məsuliyyət daşıyırlar. Bu vəzifələrin yerinə yetirilməməsi inzibati və ya cinayət məsuliyyəti yarada bilər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM) və Cinayət Məcəlləsi (CM) valideynlərin övladlarına qarşı törətdikləri hüquqpozmalara görə müxtəlif cərimələr və digər hüquqi sanksiyalar nəzərdə tutur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, valideynlərin yetkinlik yaşına çatmayan övladlarının tərbiyəsi, təhsili və saxlanılması ilə bağlı vəzifələrini qəsdən yerinə yetirməməsi inzibati xəta hesab olunur. Bu halda valideynə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə inzibati cərimə tətbiq edilir.
Əgər valideyn məsuliyyətsizliyi nəticəsində uşaq baxımsız qalır, avaralıqla məşğul olur, spirtli içkilərdən və ya narkotik vasitələrdən istifadə edir, yaxud inzibati xəta və ya cinayət törədirsə, məsuliyyət daha da ağırlaşır. İnzibati Xətalar Məcəlləsinin 189.2-ci və 189.4-cü maddələrinə əsasən, belə hallarda valideyn 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir.
Qanunvericilik uşağa qarşı fiziki və psixoloji zorakılığı da qəti şəkildə qadağan edir. Tərbiyə məqsədi ilə belə olsa, uşağa qarşı cismani cəza və ya psixoloji təzyiq göstərilməsi hüquq pozuntusu hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsinə əsasən, bu əməli törədən şəxs 200 manat məbləğində cərimə olunur.
Valideynin və ya digər qanuni nümayəndənin yetkinlik yaşına çatmayanı dilənçiliyə məcbur etməsi və ya bu fəaliyyətə cəlb etməsi də qanunla qadağandır. Bu əmələ görə qanunvericilikdə 200 manatdan 500 manatadək məbləğdə cərimə və ya işin hallarından asılı olaraq 15 günədək inzibati həbs nəzərdə tutulur.
Valideynlərin uşaqları spirtli içkilər qəbul etməyə təhrik etməsi və ya onları buna məcbur etməsi də inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsinə əsasən, bu əmələ görə 50 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq edilir.
Yetkinlik yaşına çatmayan, xüsusilə 16 yaşına çatmamış uşağın evliliyinin təşkil edilməsi artıq cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-2-ci maddəsinə əsasən, bu əməli törədən şəxslər 2000 manatdan 3000 manatadək cərimə edilə və ya 2 ilədək müddətə azadlıqdan məhrum oluna bilərlər.
Valideynlərin digər mühüm öhdəliklərindən biri də alimentin vaxtında ödənilməsidir. Məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin üzrlü səbəb olmadan iki aydan artıq müddətdə ödənilməməsi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 500 manatdan 1000 manatadək məbləğdə cərimə və ya işin hallarından asılı olaraq 1 ayadək inzibati həbs ilə nəticələnə bilər.
Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyi uşaqların hüquq və mənafelərinin qorunmasını əsas prinsiplərdən biri kimi qəbul edir. Valideynlərin öz övladlarına qarşı hüquq və vəzifələrini yerinə yetirməməsi, onlara qarşı zorakılıq göstərməsi, erkən nikah təşkil etməsi, uşaqları dilənçiliyə cəlb etməsi və ya aliment öhdəliyindən yayınması inzibati və ya cinayət məsuliyyəti yaradır. Bu hüquqi normaların əsas məqsədi yalnız cəza tətbiq etmək deyil, həm də uşaqların təhlükəsiz, sağlam və layiqli mühitdə böyüməsini təmin etmək, onların hüquq və azadlıqlarını etibarlı şəkildə qorumaqdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре