Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini səfərlə bağlı sosial media hesabında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, X portalındakı paylaşımda Slovakiyanın dövlət başçısı səfər proqramı çərçivəsində Prezident İlham Əliyevlə bir qədər qeyri-adi şəkildə yola davam etdiyini yazıb: "Rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının avtomobili şəxsən idarə etməsi, əlbəttə ki, adi hal deyil. Bu qeyri-adi və diqqətli jest məni səmimi-qəlbdən sevindirdi. Bu, ölkələrimiz arasında mövcud olan isti münasibətlərin, xalqlarımızı birləşdirən dostluğun, eləcə də tərəfdaşlığımızın təməlini təşkil edən qarşılıqlı etimad və hörmətin bariz ifadəsi idi. Bu unudulmaz qonaqpərvərlik nümunəsinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm".

Slovakiya Prezidenti digər paylaşımında isə Ağdam rayonunun Baş Qərvənd kəndinə səfərindən bəhs edib: "Ağdamda bölgənin bərpasının ən təsirli rəmzlərindən biri olan Baş Qərvənd "Ağıllı kənd" layihəsi ilə tanışlıq imkanım oldu. Slovakiya şirkətlərinin bu iddialı layihənin həyata keçirilməsində mühüm rol oynaması və Slovakiya təcrübəsinin daha parlaq gələcəyin qurulmasına töhfə verməsi qürurvericidir.

Müasir infrastrukturun və innovativ həllərin tətbiqi sayəsində bu layihə insanların təhlükəsiz, layiqli və davamlı şəkildə doğma yurdlarına qayıdaraq mülki həyata yenidən inteqrasiya olunmaları üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyevlə birlikdə gələcəkdə general Milan Rastislav Ştefanikin adını daşıyacaq yeni məktəbin təməlini də qoyduq. Bu məktəb Slovakiya ilə Azərbaycan arasında dostluğun davamlı rəmzi olmaqla yanaşı, gələcək nəsillərə yönəlmiş mühüm sərmayədir".

Dövlət başçısı bu əməkdaşlığı strateji tərəfdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.