https://news.day.az/azerinews/1877878.html Azərbaycan-Estoniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur - Azər Qarayev Azərbaycanla Estoniya arasında münasibətlər son illərdə yeni dinamika qazanıb. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və rəqəmsal texnologiyalar sahəsində qarşılıqlı maraq iki ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.

Azərbaycan-Estoniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur - Azər Qarayev

Azərbaycanca, 28 ноября 2026 19:18 (UTC +04:00) 125
Azərbaycan-Estoniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycanla Estoniya arasında münasibətlər son illərdə yeni dinamika qazanıb. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və rəqəmsal texnologiyalar sahəsində qarşılıqlı maraq iki ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni imkanlar yaradır. Noyabrın 27-də Bakıda Estoniya səfirliyinin rəsmi açılışı isə bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Azərbaycan və Estoniya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən dövrdə ölkələr arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq formalaşıb. Bununla yanaşı, son illərdə qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin intensivləşməsi münasibətlərin inkişafına əlavə təkan verib. Prezident İlham Əliyev noyabrın 27-də Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşündə Azərbaycan-Estoniya münasibətlərinin dinamik şəkildə genişləndiyini vurğulayıb. Dövlət başçısı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.

Bakıda Estoniya səfirliyinin açılması bu potensialın reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Daimi diplomatik nümayəndəliyin fəaliyyəti siyasi dialoqun dərinləşdirilməsinə, işgüzar əlaqələrin inkişafına və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaradacaq. Estoniyanın xarici işlər naziri də səfirliyin açılmasını iki ölkə arasında tərəfdaşlığın möhkəmlənməsinin göstəricisi kimi qiymətləndirib", - politoloq bildirib.

Onun sözlərinə görə, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan və Estoniya arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Noyabrın 4-də Tallində Azərbaycan-Estoniya Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının keçirilməsi bu sahədə əlaqələrin inkişafına verilən önəmi göstərir.

"Tərəflər ticarət, investisiya, nəqliyyat, logistika, enerji və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Estoniya şirkətlərinin Azərbaycan bazarına marağının artması da iqtisadi əlaqələrin gələcək inkişafı üçün əlverişli zəmin yaradır.

Bu baxımdan Ələt Azad İqtisadi Zonası xüsusi imkanlara malikdir. Müasir infrastrukturu, investorlar üçün yaradılmış əlverişli biznes mühiti və təqdim olunan güzəştlər Estoniya şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirməsi üçün perspektivlər açır. Belə əməkdaşlıq həm ikitərəfli iqtisadi əlaqələrin, həm də region ölkələri ilə iqtisadi tərəfdaşlığın inkişafına töhfə verə bilər", - o bildirib.

A.Qarayev qeyd edib ki, Estoniyanın beynəlxalq səviyyədə tanınmış rəqəmsal idarəetmə təcrübəsi Azərbaycan üçün maraq doğuran əməkdaşlıq istiqamətlərindəndir. Elektron dövlət, rəqəmsal identifikasiya, kibertəhlükəsizlik, süni intellekt və elektron təhsil sahələrində Estoniya təcrübəsinin tətbiqi yeni imkanlar yarada bilər.

"Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Trend-ə müsahibəsində ölkəsinin rəqəmsal sahədəki təcrübəsinin Azərbaycanın inkişafı üçün faydalı ola biləcəyini bildirib. Onun sözlərinə görə, Estoniya şirkətləri Azərbaycanın rəqəmsal transformasiyasında iştirak etməkdə maraqlıdırlar.

Yaşıl enerji də əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Azərbaycanın bərpa olunan enerji sahəsinə investisiyaları ilə Estoniyanın təmiz texnologiyalar, enerji səmərəliliyi və rəqəmsal enerji həlləri üzrə təcrübəsinin birləşdirilməsi qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yarada bilər", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturu Estoniya ilə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Orta Dəhliz Avropa ilə Asiya arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır.

"Estoniya Azərbaycanın bu istiqamətdəki potensialını yüksək qiymətləndirir. Marqus Tsahkna Orta Dəhlizin ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması və biznes dairələri üçün yeni imkanların yaradılması baxımından əhəmiyyətini vurğulayıb.

Beləliklə, siyasi dialoqun möhkəmlənməsi, iqtisadi əlaqələrin genişlənməsi və yeni texnoloji layihələrin həyata keçirilməsi Azərbaycan-Estoniya münasibətlərinin gələcək inkişafı üçün əlverişli zəmin yaradır. Bakıda Estoniya səfirliyinin açılması isə bu əməkdaşlığın daha sistemli və davamlı şəkildə inkişaf etdirilməsinə xidmət edəcək", - A.Qarayev əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости