"Azadlıq"dakılar da bizim bildiyimizi bilir! - TƏHLİL

Day.Az представляет статью на азербайджанском языке:

Ha deyirəm, vaxtımı boş-boş işlərə sərf etməyim, yenə də olmur!
 

Məcburam gündəlik redaktə işlərindən ayrılıb kimlərinsə cavabını verəm, qabağına güzgü tutub kim olduqlarını özlərinə başa salam!

Bəlkə, yenə də əhəmiyyət verməzdim (məşhur misalı çəkmirəm)! Amma "Azadlıq" qəzetinin dünənki nömrəsinin qəzetimizlə bağlı dərc etdiyi yazının sərlövhəsindəki "Erməniyə xidmət edən kimdir?" sualına cavab verməyi özümə borc saydım.
Qoy bilmədiklərini bizdən öyrənsinlər!

Həm də axı, biz bilirik ki, "Azadlıq"dakılar bizim bildiyimizi bilirlər!

Keçirəm mətləbə

"Azadlıq"ın 21 avqust 2015-ci il tarixli nömrəsində verilmiş "Erməniyə xidmət edən kimdir?" yazısı "Ötən gün Azərbaycan xalqının boykot etdiyi "Azərbaycan" qəzeti..." sözləri ilə başlayır.

Görəsən, harada deyilib, yaxud yazılıb ki, Azərbaycan xalqı "Azərbaycan" qəzetini boykot edib?

Həmişəki kimi yenə də şər, böhtan atırlar!

Haçan baş verib belə bir hadisə? Xəbəri olan varmı?

İlk cümləsi yalan olan yazıya cavab verməyə də bilərdik. Amma hesab edirik ki, "Azadlıq"dakıların erməniyə kimlərin xidmət etdiyini bilmələri də vacibdir!

Əvvəlcə bir neçə "xırda məqama" diqqət çəkmək istərdik.

Əvvəla, Azərbaycan xalqı adından danışmaq hüququnu (şər atmaları bir yana) heç kəs "Azadlıq" qəzetinə verməyib! Əgər "Azadlıq"da işləyənlər xalqın adından danışmaq hüququnun kimlərə verildiyini öyrənmək istəyirlərsə, tövsiyə edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasının 4-cü maddəsini oxusunlar.

İkincisi, "Azərbaycan" qəzetinin indiki tirajı 9.979 nüsxədir. Qəzetimizin 95 faizindən çoxu abunə yolu ilə yayılır. Yəni, oxucularımız irəlicədən pul ödəyib "Azərbaycan"a abunə olurlar ki, il boyu bütün nömrələri vaxtında və rahat ala bilsinlər.
Bu, təkcə qəzetin bütün nömrələrini oxumaq istəyi deyil, həm də etimad və etibar nişanəsidir!

Müqayisə üçün deyim ki, "Azadlığ"ın tirajı 6.000 nüsxə yazılıb. Onun heç 600-ü satılmır! Odur ki, redaksiya borc içində bataraq tez-tez ianə toplamaq üçün xalqa müraciət edir. Qəzetin hər nömrəsinin 2-ci səhifəsində verilən foto və yazı da əməkdaşlara necə əməkhaqqı "verildiyi"nin və dediklərimizin sübutudur.

"Azadlığ"ın satılmamağının başlıca səbəbi odur ki, Azərbaycan xalqının "mədəsi" daha şər və böhtan qəbul etmək istəmir! Nə qədər yalan-palan oxumaq olar? İnsanlar gördükləri ilə oxuduqları arasında ziddiyyətlə rastlaşanda, təbii ki, seçimi obyektiv yazan və danışan KİV-ə yönəldirlər.

Üçüncüsü, yazıda donkixotsayağı "etiraf" edilir ki, "Azadlığ"ın yüz minlərlə oxucusu var!

Yox, əşşi!
Hanı onlar?
Bəs biz niyə görmürük?

Heç 100 minlərlə oxucusu olan qəzet də acından ölərmi, işçilərini əməkhaqqı vermədən işlədərmi?

Yoxsa qəzetin elektron variantının sayğacına "barmaq edərək" şişirtdiyiniz rəqəmlərə özünüz də inanmısınız?
Oyununuz olsun...

"Azadlıq" qəzeti dəfələrlə yolunu azıb, kursunu dəyişib!

Bugünkü "Azadlıq" qəzeti "meydan hərəkatı" dövründə "Azadlıq" meydanında yayılan, əl-əl gəzən "Azadlıq" deyil!
Bugünkü "Azadlıq" qəzeti Nəcəf Nəcəfovun redaktorluq etdiyi, Vaqif Səmədoğlu kimi vətənpərvər ziyalıların çalışdığı "Azadlıq" qəzeti deyil!

Bugünkü "Azadlıq" qəzeti Qənimət Zahidovun qiyabi, Əli Kərimovun gizli və əyani redaktorluq etdiyi qəzetdir!
Bu qəzet ilk dəfə Nəcəf Nəcəfovdan sonra qaragüruhun əlinə keçərək kursunu dəyişdi.

Bu qəzet ikinci dəfə AXC iqtidara gələndə, qəzetdə işləyənlərin bir qismi umduqları vəzifəni ala bilməyəndə müxalif mövqeyə keçərək dəyişdi (məsələ hətta məhkəmə çəkişməsinədək böyüdü)!

Bu qəzet qrant hərislərinin, "5-ci kolon" nümayəndələrinin əlinə keçəndən sonra da kursunu dəyişib!
Maarifləndirmə məqsədilə bir neçə məqama aydınlıq gətirmək istəyirik (həmin məqamlar "Azadlığ"ın adı çəkilən yazısında görünür).
Dünya erməniliyi Azərbaycan xalqının bir nömrəli düşmənidir. Onun tərkibinə təkcə Ermənistanın kriminal hakimiyyəti yox, habelə erməni diasporu, ermənilərə lobbiçilik edənlər, müstəqil Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəməyən bir sıra beynəlxalq təşkilatlar, habelə ölkədən xaricdə və ölkə içərisində yaşayan "5-ci kolon"un üzvləri daxildir.

Ermənistan havadarlarının əli ilə Azərbaycanın 20 faiz ərazisini işğal edib və onların köməyi ilə də işğal altında saxlayır. Bunun siyasəti bəllidir (belə bir siyasətin uğur, ya uğursuzluğundan danışmırıq).

Dünya erməniliyinin mübarizə üsulu isə bambaşqadır. Bu, bir vaxtlar SSRİ-yə qarşı tətbiq edilən "soyuq müharibə"nin yeni növüdür. Azərbaycana qarşı daim gözdənsalma kampaniyası aparmaq, "siyasi dustaq", " hüquq pozuntusu", "mətbuat və söz azadlığı boğulur" adı ilə bəzi dövlətlərin KİV-ində əsası olmayan yazılar vermək, qərəzli bəyanatlar yaymaq, ölkəmizlə bağlı məsələlərin müzakirəsində ikili standartlardan çıxış etmək, "beşinci kolon"un cibinə pul basıb ölkədə sabitliyi pozmağa çalışmaq, Azərbaycanda çıxan ayrı-ayrı qəzetləri ələ alaraq öz məqsədlərinə çatmaq üçün onlardan istifadə etmək və digər pozucu əməllər dünya erməniliyinin mübarizə vasitələrindəndir.

Əgər "Azadlıq" qəzeti də bu kampaniyaların tərkibində yer tutursa və fəaliyyəti dünya erməniliyinin Azərbaycana qarşı apardığı mübarizə notları üzərində kökləyirsə, ona başqa nə ad verək?

Yazıda göstərilir ki:

Səhiyyədə nöqsanlar var, bunu "Azadlıq" qəzeti tənqid edir, "Azərbaycan" yox!

2004-cü ilin mart ayında "Azərbaycan" qəzeti səhiyyə və təhsil sahəsindəki nöqsanlarla bağlı "Hərə öz yerində olanda" adlı məqalə verəndə və uzunmüddətli müzakirə-mübahisə gedəndə siz harada idiniz?

Məgər Azərbaycan iqtidarı səhiyyədəki nöqsanları və çatışmazlıqları bilmirdi?

Elə isə niyə regionlarda bu qədər müasir diaqnostika mərkəzləri, xəstəxana və poliklinikalar tikilir, köhnələri yüksək səviyyədə təmir edilirdi? Təbii ki, on illər boyu yığılıb qalmış problemləri bir ildə həll etmək mümkün deyildir! Amma görün nə qədər işlər görülüb!

Sizinlə bizim bir fərqimiz ondadır ki, biz təkcə nöqsan axtarıb onu şişirtməklə məşğul olmuruq! Biz olanları, yenilikləri, dəyişiklikləri də göstərir, yazır və təqdir edirik! Axı, bu həm də müasir jurnalistikaya verilən ən mühüm tələblərdən birinə - obyektivliyə və qərəzsizliyə əməl etmək deməkdir!

Nazirlər Kabinetinin sonuncu iclasında dövlət başçısı İlham Əliyevin ciddi tənqidinə məruz qalan məsələlərdən biri də dərmanların qiymətlərinin bahalığı oldu. Ondan sonra verilən tapşırığa uyğun olaraq İqtisadi İnkişaf və Sənaye Nazirliyi nə qədər işlər gördü. Artıq dərmanların qiymətinə ciddi nəzarət edilir, bu sahədə vəziyyət normallaşır. Amma "Azadlıq" qəzeti bunların heç birini görmür.

Dünya erməniliyi də görmür!

Azərbaycan vətəndaşının xarici ölkəyə müalicəyə getməsində niyə hər dəfə qara, mənfi məqam axtarırsınız?

Pulu var ki, gedir də!

Müstəqil dövlətin vətəndaşıdır ki, gedir də!

Bəs bunları niyə demirsiniz?

Sovet dövründə Azərbaycan vətəndaşları Türkiyənin, İranın, Avropanın yolunu "su yoluna" döndərə bilərdimi?
Bir düşünün də!

Təhsildəki nöqsanlar bəyəm təzə məsələdir? Bircə siz görüb, bilirsiniz?

Bəs təhsilin maddi-texniki bazasını möhkəmləndirmək üçün görülən işlər, həyata keçirilən yeniliklər, vəziyyəti tezliklə düzəltmək üçün göstərilən təşəbbüslər, atılan addımlar?!

Niyə görmürsünüz?

Allah sizi yalnız "pisləri" görmək üçün yaradıb?

Bəs inkişaf, dəyişiklik?

Bəs jurnalistlərin peşə davranışı kodeksinin prinsipləri?

Bir qəzet kimi sanki bunların "Azadlığ"a dəxli, aidiyyəti yoxdur!

Onda niyə özünüzü jurnalist hesab edirsiniz?

Eləsə əsl adınızı deyin, biz də bilək də!

Bah, sizdən başqa Azərbaycanın neftsiz vəziyyətinin necə olacağını bilən və deyən yoxmuş!

On ildən çoxdur ki, dövlət başçısı Azərbaycanın "neftsiz dövrə" hazırlanması ilə məşğuldur.
Gözünüzü açın, icra olunan transmilli layihələrə baxın!

Qeyri-neft sektorunun inkişafı üçün görülən işləri öyrənin!

Bilmirsiniz Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı üçün niyə 3 dəfə dövlət proqramı qəbul olunub?
Heç "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf strategiyası adlı sənəd barədə eşitmisiniz?

Olmaya "Azadlıq" qəzeti də çukça kimi yalnız "yazıçıdır", "oxucu" deyil! Arabir oxuyun ki, dövlətin gördüyü işlərdən də xəbər tutasınız!

Siz yazanda, danışanda Azərbaycan iqtidarı iş görür, ey, iş!

Fəaliyyətiniz yalnız qara boya ilə bağlıdırsa, buna "Azərbaycan" qəzeti neyləsin?
Dünya erməniliyinin dediklərini təkrar edirsinizsə, bizim təqsirimiz nədir?

Eyni platformadan çıxış edirsinizsə, seçimi siz etmisiniz də!

Həbslərdən danışırsınız.

"Siyasi məhbus", "haqsız həbs" - bu "diaqnoz"ları qoymaq səlahiyyətlərini sizə kim verib?

Heç bilirsiniz "siyasi məhbus" anlayışının kriteriyaları nədir və onlar müəyyənləşdirilibmi?

İstintaq materiallarını və məhkəmə hökmlərini görmədən, oxumadan həbs olunanların "haqlı, yaxud haqsızlığını" necə təyin etmək olar? Axı hüquqda "gözəyarı" anlayışı yoxdur!

Hər nömrədə verdiyiniz "vinetka"ya baxın!

Qəribə məqamlarla doludur.
Əvvəla, hansı prinsiplə düzmüsünüz həmin şəkilləri?

Niyə Leyla və Arif Yunuslar dərhal başa çıxarıldılar?

Onları sizin üçün "dəyərli" edən nədir?

Dünya erməniliyinə və erməni kəşfiyyatına xidmət etmələri?

İkincisi, "vinetka"dakıların hər biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin konkret maddəsi ilə mühakimə edilib və məhkəmənin hökmü ilə cəzalarını çəkirlər.

Yoxsa "Azadlıq" onlara amnistiya elan edib?

Hələlik "Azadlığ"ın belə səlahiyyəti də yoxdur!

Hansı əsasla (qrant verənlərin sifarişi əsas sayıla bilməz) onları təqsirsiz hesab edirsiniz?

Heç məhkəmə hakimiyyətini tanımayanlardan da "demokrat" çıxar?

Olmaya yenidən ölkədə cəzasızlıq mühiti yaratmaq istəyirsiniz?

Axı AXC-nin on aylıq iqtidarı dövründə belə bir acınacaqlı eksperiment keçirmiş, 1993-cü ilin "may müşavirəsi"ndə isə "bespredeli"nizi etiraf etmişdiniz?

Daha baş tutan sevda deyil!

Hərənin öz yolu var!

Biz də hansı yolla getdiyimizi çox gözəl və dəqiq bilirik!

Qazandığımız uğur və nailiyyətləri isə bütün dünya görür və təqdir edir!

Həm də öyrənir!

"Rəhbəriniz" Əli Kərimovun xisləti hamınıza məlumdur. Əbülfəz Elçibəyə xəyanət edəndən sonra ətrafında bir nəfər də köhnə "dostu" qalmayıb. Tökə-tökə gedir! Partiya üzvlərinin çoxu kimi işsiz olsa da, hamınızdan yaxşı dolanır! Fərqindəsinizmi?!

Bəlkə, bütün bunları "Azadlıq"dan aldığı qonorarlar hesabına edir?!

Ölkədəki korrupsiyadan yazırsınız. Bəli, Azərbaycanda korrupsiya da, ona qarşı mübarizə də var. Həm də bu bəla təkcə bizdə görünməyib, dünyanın ən böyük problemlərindəndir.

Amma "ittihamçı" olmaq üçün əvvəlcə özünüzü qrant korrupsiyasından, çirkli pullar korrupsiyasından, "5-ci kolon" korrupsiyasından və digərlərindən təmizləyin.

Mətləbi çox uzatmaq istəmirəm.

Sonda bir neçə "həmkar" məsləhəti verim.

AXCP-də gedən təmizləmə prosesi "Azadlıq"da da başlamalıdır! Pasportunuzda və şəxsiyyət vəsiqənizdə siz də azərbaycanlı kimi yazılmısınız da!

Bu xalqa bu qədər düşmən kəsilməyin!

Qəzetdəki "5-ci kolon"un yuvasını da dağıtmalısınız!

Vallah, belə işlərin axırı yoxdur!

Ən nəhayət, "qiyabi redaktor" "şirmasını" ləğv edin. Redaktor hər gün qəzet nömrəsini planlaşdırar, yazıları oxuyub redaktə edər, təsərrüfat və maliyyə məsələləri ilə məşğul olar. Yoxsa Avropada qapı-qapı düşüb hansısa telekanal üçün əl açmaz!
Əli Kərimov utanmasın! Qoy imzasını açıq yazsın!

Əgər redaktor kimi adı qəzetin hər nömrəsində olsaydı, bəlkə, ona da " bir şey" verərdilər. Daha köhnə dostu Rauf Arifoğlunun üstünə düşüb paxıllıqdan ağzına gələni deməzdi. Bir qədər səbir eləsin! Vaxtı çatanda ona da olar! Necə ki, bəzi əməkdaşlarınız fəxri ad və təmirli mənzil, "Azadlıq" özü isə KİV DDF-dən qrant alıb.

Özünüzü çox da üzməyin.

Ən axırda yazınızın sərlövhəsindəki sualınızı cavablandırım:

Erməniyə xidmət edən sizsiniz!

Hazırkı (Nəcəf Nəcəfovun dövründəki yox) "Azadlıq"çılardır!

Müstəqillik ideyasına xəyanət edən, "Azadlığ"ı öz yolundan çaşdıran və çıxaran, keçmiş silahdaşlarını düşmənə çevirən, xalqımızın milli maraqlarını qrantlara satan, dünya erməniliyi ilə əqidə birliyi yaradan, daim Azərbaycanın əleyhinə olanların yanında duran sizsiniz!

Soruşdunuz, mən də dedim!
 

"Azərbaycan" qəzeti