Kadir İnanır: "Bığlarımı kəsmək istəyirəm, amma buna icazə vermirlər" Day.Az представляет новость на азербайджанском языке.

Ötən gün Türkiyə mətbuatında maraqlı bir müsahibəylə rastlaşdım. Müsahib əfsanəvi aktyor, xalqın sevimlisi, illərdir filmlərini sevərək izlədiyimiz Kadir İnanır idi. Xeyli qocalan, əvvəlki şuxluğunu itirən aktyor maraqlı çıxışı ilə yenə də pərəstişkarlarını təəccübləndirməyi bacarıb. K.İnanır bir sıra obrazları ilə öz dövrünün əfsanəvi aktyorlarından olduğunu və bu günə qədər onu obrazları ilə tanıdıqlarını deyib. Aktyor hesab edir ki, bu gün türk dünyasında heç kim onun yolunu davam etdirə bilmir.

Öz həyatımı yaşamadım

- Son zamanlar mətbuatda haqqınızda bir sıra xəbərlər yayılır. Belə ki, siyasətə qarışdığınızı bildirirlər və buna görə sizi qınayanlar da olur.

- Bəli, 3-4 cılız yazar var ki, onlar əksər yazılarında məndən bəhs edirlər. Özlərini elə aparırlar ki, sanki bütün Türkiyənin mediası onların əlindədir. Əllərindən gələni etməyə çalışırlar ki, mən ölkəmin problemləri ilə maraqlanmayım, ancaq qoca aktyor kimi bir kənarda qalım, ya da ki, magazin xəbərlərində bir fiqur olaraq çıxış edim. Əslində belə aktyorlarımız var, ancaq mən heç zaman onlardan olmayacam. Tam əksinə, ölkəmin insanları daha xoşbəxt yaşasınlar deyə, ölkəmin başına çökmüş bəlaları aradan qaldırmaq, xalqların qardaşlığı üstündə qurulmuş dostluğu yaratmaq üçün var gücümlə çalışacam. Həm də bunu həmin jurnalistlərə, eləcə də bir sıra cahillərə vətən və millət sevgisinin onların ixtiyarında olmadığını göstərərək edəcəm. Bu gün Türkiyədə ən böyük problem kürdlərin problemidir və bu məsələ mütləq şəkildə barışıqla həll olunmalıdır. Bunun üçün də hər kəs əlindən gələni etməlidir. Mən öz ölkəmdə sərbəst şəkildə yaşamaq və filmlər çəkmək istəyirəm. Mən su qatılmamış bir demokratam. Heç zaman yolumu əyri getmərəm. Bilirəm ki, nəticədə mənim müdafiə etdiyim gerçəkliklər qalib gələcək. Çünki barışla bitməyən savaş yoxdur.

- Kadir bəy, uzun müddətdir ki, insanların sevgisi ilə qarşılaşırsınız. Milyonlarla insan tərəfindən sevilmək necə bir hissdir?

- Sevilmək çox gözəl hissdir. Sevilməyən insan özünü yox hesab edir. Həyatımın ən gözəl illərində xalqım tərəfindən sevildim, şöhrət qazandım və həyatımı onlara xərclədim. Demək olar ki, öz həyatımı yaşamadım. Ömür boyu insanların istədiyi kimi göründüm, əldə etdiyim şöhrətimin ağırlığını daşıyaraq yaşadım. Bu yolu da özüm seçdim. Heç kim məni belə olmağa məcbur etmədi. Mən Anadolu insanıyam. Həmin məkan sevginin, hörmətin ən çox yaşandığı bölgələrdən biridir. Bir gün qəzetlərin birində haqqımda çıxan xəbərə çox əsəbiləşdim. Qərara gəldim ki, aktyorluq sənətindən imtina edim. Ancaq dostlarım mənə dedilər ki, peşəndən bu şəkildə imtina etsən, sənətini yarı yolda qoymuş bir aktyor kimi yaddaşlarda qalacaqsan. Mən də həmin insanların əlinə fürsət verməmək üçün sənətimi davam etdirdim.

- Cəmiyyət arasına tez-tez çıxırsınız? Yəni sadə xalqın nümayəndələri ilə münasibətdə olursunuzmu?

- Mənim elə də təkəbbürlü xarakterim yoxdur. Xalqın içinə qarışmağı, onlarla ünsiyyət qurmağı sevirəm. Xalqın mənə olan sevgi və hörməti sadəcə sənətimlə bağlı deyil. İnsanlar məni ailəsinin üzvü kimi görürlər. Bunun səbəbi də mənim işimə duyduğum hörmətdən irəli gəlir. Hər hansı bir film çəkən şirkət mənə iş təklif edə bilməz. Çünki film çəkən şirkətlər bilir ki, mən hansı tipli filmlərə çəkilə bilərəm.

Ticarət xarakterli filmlər

- Bu qədər uğurun altında demək ki, belə bir seçici xarakterə malik aktyor yatır.

- Əlbəttə ki, sənət istehsal edən, ticarət xarakteri daşıyan və qlobal xarakterli filmlər var. Bunları nəzərə alıb seçimimi ondan yana edirəm. Mənim çəkdiyim filmləri yalnız intellektual səviyyəsi olan insanlar izləyə bilər. Filmin mövzusu da çox önəmlidir. Belə ki, məişət qayğılarına həsr olunan ssenarilər seçilərsə, həmin filmlər ölənə qədər izlənilər.

- Filmə çəkilərkən onun baxımlı olub-olmayacağını necə müəyyənləşdirirsiniz?

- İndiki filmlər ticarət xarakterli olan filmlərdir. Onun üçün də televiziya ekranları qarşısında sənət göstərmə şansımız azdır. Mənim bəhs etdiyim filmlər keçmişdə mexanizmlə işləyən filmlərdir. Filmlərdəki xarakterlər xalqımın içində olan bir problemdən bəhs etmirsə, o ssenarini qəbul etmirəm.

- Dünya kino tarixində çox böyük büdcəli - milyonlarla dollarlıq filmlər çəkilir. Bizdə isə bu qədər milyonçu iş adamı varkən sizcə, niyə onlar filmlərimizə sponsorluq edib dünyaya tanıtmırlar?

- Bizim ölkədə bir qanun var. Mədəniyyətin hər hansı bir sahəsinə sponsorluq etdikdə, o insanı vergi verməkdən azad edirlər. Əgər insanlarımızın sənət dünyasına baxışı müasir deyilsə, onlardan bir şey gözləməyə dəyməz. Ola bilsin ki, hər hansı bir filmə sponsorluq etmək onlara heç də sərf etməsin. Qoy onlar öz pulları ilə yaşasınlar. Onsuz da Türkiyənin varlı insanları xaricdə yaşayırlar. Biz sərmayəyə qarşı deyilik, amma mədəniyyətin inkişafı üçün dövlətdən başqa özəl şirkətlərin dəstək olması vacibdir. Dövlət ildə 15 milyon pul ayırır, onun 200 min lirəsi filmlərin hesabına düşür.

- Bəs o pul ilə film çəkmək mümkündürmü?

- Əlbəttə ki, xeyr. O pul ancaq yemək və yol xərclərini qarşılayır. Biz deyirik ki, ildə beş film çəkin, amma büdcəsi geniş olsun və həmin film dünyada çəkilən filmlərin səviyyəsi ilə bərabər olsun. Bu sistemi isə beyni yaxşı düşünən insanlar istəmir. Çünki onlar ağıllı insanlardan dəstək ala bilmirlər. Əgər Türkiyədə müəllif haqları deyə bir qanun qəbul edilsə, qeyd etdiyiniz problemlərin hamısı həll olunacaq. Düşünürəm ki, bu gün film və serial aləmində çalışanlar pulu vasitəçiyə deyil, rejissorun özünə versə, o hər şeyi lazımınca həll edər. Cibindən pul qoyub film çəkən bir prodüser yoxdur Türkiyədə. Bunların hamısı bölgədə çalışan şirkətlərin rəhbərlərindən pul alır. 1942-ci ildə italyanlarda verilən qanuna görə filmin sahibi onu çəkəndir. Ancaq bizdə şirkətlər pulu haqqı olmayan bir adama verirlər. Olmazmı ki, həmin pulları ömrünü bu sənətə həsr etmiş insanlara versinlər? Mən deməkdən yoruldum artıq. Gedin, kənar ölkələrə də baxın. Misal üçün, Fransada sistem necə işləyirsə, onlarınkı kimi bu sistemi qurun. Bu elə də çətin bir şey deyil.

Türkan Şorayla küsülü deyiləm

- Türkan Şorayla bir film qalasında görüşdünüz. Orada eşitdik ki, sən demə, siz illərdir tərəf müqabili olduğunuz Türkan xanımla küsülü olmusunuz.

- Bu məsələni çox şişirtdilər. Ona görə də bəzi media mənsublarına çox əsəbiyəm. Çox çalışdım ki, onlar iki dahi sənətkar bir-birindən küsüblər deyə, xəbərlər yazmasınlar. İnternetdə biri mənim səhifəmə girdi və mənim adımdan başqasına cavab yazdı. Guya mən "Türkan Şorayla evlənə bilərdim" kimi cümlə yazmışam. Bu sözlərə Türkan xanımdan münasibət soruşduqda, o da "Ola bilərdi" deyib. Mən isə belə bir söz işlətmədiyimi, başqasının mənim adımdan istifadə etdiyini dedim. Türkan xanım da məndən incidi və istər-istəməz arada narazılıq oldu. Mən heç bir televiziya proqramında iştirak etmədiyim üçün ikimizin də dəvətli olduğu həmin proqramda da iştirak edə bilmədim. Biz Türkan Şorayla illərdir yan-yana film çəkən insanlarıq. Mümkün deyildi ki, onunla küsülü qalaq. Həmin mövzuya da o qalada nöqtə qoydum.

- Sosial şəbəkədə pərəstişkarlarınıza özünüz cavab verirsiniz?

- Əvvəllər tamaşaçılarımla sosial şəbəkədə özüm danışırdım. Ancaq belə çirkin hadisə baş verdikdə, öz səhifəmi bağladım. İndi heç bir sosial şəbəkədə yoxam, çünki sosial şəbəkələr vaxtmı alır.

- Gənc aktyorlardan kimin ifasını bəyənirsiniz və kimi öz obrazlarınıza yaxın görürsünüz?

- Performans baxımından mənim aktyorluq qabiliyyətimi bacaran hər hansı bir aktyorun olduğunu görmürəm. 42 ildir ki, film sahəsində çalışıram. Film sahəsinə gəldiyimdə, hər il 10 filmə çəkilirdim. İndi isə ildə 10 filmə çəkiləcək aktyoru mən tanımıram. Ancaq indi ildə cəmi 20 film çəkilir. Televiziya dünyasının ortaya çıxardığı statistikaya görə, ən çox filmlərdə 10 qız, 10 oğlan var. Bunların hamısı çox uğurlu aktyorlardır. Mən sizə hər hansı bir aktyoru tərifləyə bilmərəm. Çünki mənim sözlərimə çox önəm verirlər. Bu sahədə əsas təhsil almaq deyil, yaxşı aktyor olmaq üçün bu işin içində bişməli və öyrənməlisən. Çünki uşaqların praktika edəcəyi yaxşı məktəblər yoxdur.

- Biz sizi filmlərdə hər zaman bığlı görmüşük. İndi də tamaşaçıların qarşısına əvvəlki simada çıxırsınız. Bığlarınızı kəsmək istəmirsinizmi?

- Mən bığlarımı kəsmək istəyirəm, amma buna icazə vermirlər. Bəzən bığlarımı kəsib küçədə insanların bol olduğu yerlərə gedirəm. Bu zaman hər kəs mənə "niyə bığlarını kəsdin" deyə, suallar verir. Mən də bu suallardan sıxılıram deyə bığlarıma toxunmuram.

Kaspi.az