Son beş ilin ən çox təhqir olunan şou adamı - FOTO

Day.Az представляет интервью на азербайджанском языке:

"Evimdə elektron alətlər xarab olanda bilirəm ki, böyük işlərim alınmayacaq"
 

Stilist Samir Əliyev (Samiraldo) "Qafqazinfo"nun suallarını cavablandırıb:
 

- Bu ilin yayında hansı geyimlər dəbdə olacaq?
 

- Bu il Azərbaycanda idman bayramıdır, bütün dünyanın gözü ölkəmizdə olacaq. Bu mövsüm sport, rəngarəng və gen geyimlər dəbdə olacaq. İnsanlar nə qədər gen geyimlər geyinsələr, özlərini rahat hiss edərlər. Biz Azərbaycansayağı geyinməyə öyrəşmişik. Bu yay Avropasayağı geyinməliyik. İnsanlarımız rahat, idman üslubunda geyinə bilərlər. Rəngbərəng, güllü-çiçəkli parçadan olan geyimlər insana pozitiv enerji verir. Ölkəmiz gözəlləşdiyi üçün insanlarımız qara libasdan çıxmalıdır. Gözoxşayan rəngdə geyimlər avropalıların da, özümüzün də xoşuna gələcək. İnsanlar yüksək əhval-ruhiyyədə olmaq istəyirlərsə, rəngarəng geyimlərə üstünlük versinlər.
 

- Azərbaycan xanımlarına nə məsləhət görürsünüz?

- Azərbaycan xanımları özlərini dartmasın, görməmişlik etməsin. Bizim xanımlar yeməyi xoşlayırlar. Onlara məsləhət görürəm ki, bədən formalarını qorusunlar. Qadın arıq olmaya bilər, amma bədənini formada saxlamalıdır.
 

- Qadınların üzünü, dodaqlarını şişirtməsi, burunlarını eyni formada kəsdirməsi artıq dəb halını alıb. Münasibətiniz necədir?

- O qadınlar zövqsüzdür. Dodaqda əyrilik olanda formaya salmaq üçün korreksiya etdirə bilərlər. Korreksiya etdirmək ayrı, dodağı formadan çıxacaq dərəcədə şişirtmək ayrı məsələdir. İndi böyük dodaqlar dəbdə deyil, dünyanın heç yerində translar da dodaqlarını o qədər şişirtmirlər. Qalın qaşlar bu il dəbdədir. Qaşları karandaşla düzəltmək olar, amma qaşın yerinə tatuaj etmək yaxşı hal deyil. Gələcəyi də düşünsünlər.
 

- 2015-ci ilin ən zövqlü qadın və kişi müğənnisi kimdir?
 

- Aygün Kazımova bu il ən zövqlü qadın müğənnisidir. Kişilərdən isə Elnur Hüseynov zövqlə geyinir. Qalan müğənnilər isə mənim üçün zövqsüzdür.
 

- Nə vaxtsa, geyimləri ilə bağlı müğənnilərə irad tutmusunuz?
 

- Mən iradı sifarişlə demirəm. Bəyənmədiklərimi söyləyirəm, heç kimdən qorxmuram. Falçılara gedib mənim dilimi-ağzımı, yolumu bağlatdırırlar, bütün günü cadu etdirirlər. Mən düzgünlüyü sevən insanam. Mənim tənqidlərimdən sonra müğənnilərin əksəriyyəti geyimlərinə fikir verməyə başlayıb. Onlar bilsinlər ki, efirə çıxanda onlara milyonlarla insan baxır. Saçlarına, geyim və makyajlarına fikir versinlər. Baxımsız olanda özlərinə yox, tamaşaçıya hörmətsiz davranmış olurlar.
 

- Bayaq bildirdiniz ki, şəkilləriniz cadugarların, falçıların əlində gəzir. Caduya, fala inanırsınızmı?
 

- Əlbəttə inanıram. Evimdə elektron alətlər xarab olanda bilirəm ki, böyük işlərim alınmayacaq. Dərhal o layihəmi bir müddətlik təxirə salıram. Məni sevməyən insanlar çoxdur. İnsanlara deyə bilmərəm ki, mənə paxıllıq etməyin.

- Paxıllıq etmələrinin səbəbi nədir?
 

- Mən Samiraldoyam, birdənəyəm, mənim tayım-bərabərim yoxdur. İmkanı olan adamlar var ki, pul verib efirə çıxırlar, müsahibə verirlər. İnsanları həm qıcıqlandıran, həm maraqlandıran insanam. Mənə qarşı paxıllıq var. Elə şeyləri vecimə almıram.

- Samiraldo sonuncu dəfə şəxsi həyatından danışanda nişanlısından ayrıldığını demişdi. Şəxsi həyatınızda dəyişiklik varmı?

- Həyatımda dəyişiklik olmalıydı. İstəyirdim ki, evlənim, ailəm, 3 uşağım olsun. Həyatımı heç vaxt özüm idarə edə bilmirəm, həmişə İlahi qüvvələr idarə edir. İlahi qüvvə istəməyəndə o işin arxasınca getmirəm. Birdən-birə hər şey dəyişdi, evlənmək planlarım təxirə düşdü. Həyatımda dəyişiklik olsa, mediaya xəbər edəcəm.

- Samiraldo ictimaiyyətdə baş verənləri izləyirmi?
 

- Mən şou-biznesdə deyiləm, buraya nifrət edirəm. Şou-biznes bataqlığına məni Samir Bağırov saldı. Mənim öz dünyam var. Xəbərləri, dünyada, ölkədə baş verənləri izləyirəm. İctimai adamam, hər şeydən xəbərdar olmalıyam. Siyasətə qarışmıram, amma hər şeydən xəbərdar olmağa çalışıram.
 

- Sosial şəbəkələrdə məşhur simalar tez-tez təhqir olunur. Belə hallarda necə reaksiya verirsiniz?
 

- Son 5 ildə ən çox təhqir olunan insanlardan biriyəm. Eyni zamanda hər zaman reytinqləri partladıram. Bunlar vecimə deyil, tanınmış insanam. Təhqir edənləri araşdıranda məlum olur ki, tanınmış müğənnilərdir. Həmin məni təhqir edənə yazdım ki, niyə təhqir edirsən. O da məni bloka atdı. Allah onların cəzasını verir. Onların pis gününə sevinmirəm. Amma mənə toxunmaq olmaz.

Deyirlər ki, təhqirlərə fikir vermə. Var-yoxumu söyürlər, necə susub fikir verməyim? Mənim nüfuzumu aşağı salırlar. İndi qanun çıxıb ki, bütün komentlər yığışdırılsın. "Facebook"dakı insanlar azaddır, onların yazdıqlarını oxumuram. Saytlarda təhqirləri oxuyanda pis olurdum.
 

Şəkilləri böyütmək üçün klikləyin: