"Üçüncü dəfə ailə qurmaqdan qorxuram..." - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Aşıq Samirənin qafqazinfoya müsahibəsi

- Yeni mövsüm artıq başlayıb. Hansı yenilikləriniz olacaq?

- Yeni mövsümdə çalışacam ki, efirlərdə canlı musiqilərə yer verim. Fonoqramdan ancaq məcbur olanda istifadə edəcəm. Aşıq mahnıları üzərində çalışıram. Yeni mövsüm üçün planlar çoxdur. Tələbata əsasən, işlər görəcəm.

- Samirənin geyim tərzi zaman keçdikcə müasirləşir. Geyim seçərkən kimlərdən yardım alırsınız?

- Heç kimdən yardım almıram. Gör-götür dünyasıdır. Çalışıram tez-tez dəyişiklik edim. Hələ ki, stilistlərə müraciət etməmişəm, amma fikrim var. Geyim zövqümə inanıram, amma saç və makiyaja görə stilistə üz tutacam. Böyük dəyişiklik etməyə qorxuram, tamaşaçılar birmənalı qarşılamaz.

- Hansı kompleksiniz var?

- Kompleks yox, qüsurum var. Hər şeyi çox götür-qoy edirəm. O xasiyyətimi sevmirəm. Bir məsələni o qədər fikirləşirəm ki, yorulub həmin işdən vaz keçirəm. Yüz ölçüb bir biçmək əvəzinə min ölçüb biçmirəm, qərar verə bilmirəm. Məsuliyyət hissim daha çoxdur, hər şeydən ehtiyat edirəm. Bu günə kimi sənətim, şəxsiyyətim, savadımla əlaqədar müzakirə mövzusu olmamışam. Heç kimdən tənqid eşitməmişəm. İnsan yaşa dolduqca, əmək fəaliyyəti artıqca səhv etməməyə çalışır.

- Estetik əməliyyat etdirmisiz və ya belə bir planınız var?

- Heç vaxt əməliyyat etdirməmişəm, etdirənlərə də pis baxmıram. Nə vaxtsa yaşla əlaqədar hər hansı problem olarsa, həkimə üz tutaram. Sənət adamıyam, gərək hər zaman formada olum, qüsurum olmasın. Gözəl sənətlə yanaşı gözəl görüntü də olmalıdır.

- Şou-biznesdə nələri bəyənmirsiz?

- Artıq qalmaqallar azalıb, hər kəsi sülhə səsləyirəm. Bəziləri elə başa düşür ki, mən böyük kimi məsləhət verirəm, amma elə deyil. Sənət aləmi bir ailədir, mən də bu ailənin üzvüyəm. İstəmirəm ki, bir-bizimizi ucuz tutaq. İstəyirəm ki, bir-birimizi başa düşək, söz-söhbətdən uzaq olaq, narazılığımız olanda zəng edib aydınlaşdıraq. İnanıram ki, bundan sonra böyük qalmaqallar olmayacaq.

- Artıq tamaşaçılarda qalmaqallara maraq azalıb.

- Süni qalmaqallar çox oldu deyə tamaşaçılar bizə olan inamı itirdi. Tamaşaçı şou xətrinə qalmaqal yaradıldığını düşünür. İndi gerçək qalmaqala da inanmırlar. Sənət yoldaşlarımıza demək istəyirəm ki, gəlin şounu başqa cür yaradaq, mehriban olaq, sənət nümayiş etdirək.

- Sənət adamlarının çoxu veriliş aparır. Sizə aparıcılıq təklif olunmayıb?

- Aparıcılıq mənim üçün çox məsuliyyətli sənətdir. O yükün altına girmək çətindir. Maraqlı, daha ciddi təklif olarsa, aparıcılıq edərəm. Şou xarakterli veriliş mənim təbiətimə yaddır. Mədəniyyət verilişi təqdim edərəm, ziyalı biri olaraq, mənə çətin olmaz.

- Bəzi sənət adamları aparıcılardan narazılıq edir ki, onları qalmaqala çəkirlər, aşağılayırlar. Bu cür hallarla qarşılaşmısız?

- Elə hallarla mən də qarşılaşmışam, həmin insanlardan uzaqlaşıram, qalmaqaldan qaçıram. Bəzən hissim deyir ki, buradan qalmaqal iyi gəlir, o zaman efirə qədər məsələni həll edirəm. Samirənin qalmaqaldan uzaq biri olduğunu bildikləri üçün məni belə verilişlərə çağırmırlar. Sənət dostlarım deyir ki, maraqsız simasan, qalmaqaldan uzaqsan. Deyirəm ki, maraqsız insan olmağa razıyam, təki qalmaqalsız olum.

- Samirənin şəxsi həyatında yenilik yoxdu?

- Şəxsi həyatımda yenilik yoxdur, balalarımla xoşbəxt yaşayıram, həyatımı övladlarıma həsr etmişəm.

- Yenidən ailə qurmaq haqda düşünmürsüz?

- Qətiyyən ailə qurmaq haqda düşünmürəm. Düzdür, deyirlər ki, heç vaxt heç vaxt demə. Bəlkə də, övladlarım olmasaydı, bu haqda düşünərdim. Allaha min şükür ki, gözəl balalarım var. Ailə qurmaqdan qorxuram. Bir daha yanılmaqdan ehtiyat edirəm. Bir də zərbə alsam, ayağa dura bilmərəm.

- Deyə bilərik ki, Samirə xanım artıq kişilərə inanmır?

- Kişilərə güvənmədiyimi deyə bilmərəm. Onların da pisi, yaxşısı var. Sadəcə, mən seçimimdə yanıla bilərəm. Doğru seçim edə bilmirəm. Övladlarım var, üçüncü dəfə ailə qurmağım yanlış olar. Heç bir qadın tənha olmaq istəməz. Hamımız sevgi, qayğı istəyirik. Mənimki bura qədər imiş. Qismətimdə həyatda tək mübarizə aparmaq yazılıb.


Böyütmək üçün şəkillərə klikləyin.