Bu gün günlərdən

28 illik həsrət artıq vüsala çevrildi. Azərbaycan xalqı bu gün tarixi qələbəni qeyd edir. Azərbaycan ordusunun sentyabrın 27-də işğaldan azad etmə əməliyyatı 44 gün sonra qələbə ilə başa çatdı. Azərbaycan ordusu ermənilərin neçə ildə Qarabağda qurduğu istehkamları məhv etdi. Ümumilikdə, qüdrətli Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə, 286 kənd və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.

İki ay bundan qabaq kimə desəydin ki, Qarabağı belə tezliklə alacağıq inanmazdı. Amma bizim rəşadətli ordumuz bunu bacardı. Neçə-neçə əsgərimiz şəhid neçəsi qazi oldu. Şükür şəhidlərimizin qanı yerdə qalmadı.  Xalqımız bir yumruq halında birləşdi. Düşmən bu birliyin qarşısında çox dayana bilmədi. Xalq olaraq biz bunu bacardıq. Noyabrın 8-i Qarabağın göz bəbəyi Şuşa rəşadətli ordumuz tərəfindən erməni işğalçılarından azad edildi. 

Şuşanın işğaldan azad edilməsi düşmənin manevr imkanlarını sıfıra endirdi. Düşmənin ağ bayraq qaldırmaqdan başqa yolu qalmadı. Ordumuzun Şuşa əməliyyatı dastanlar düşəcək bir əməliyyat kimi tarixə düşdü. 

Döyüş meydanında məğlubiyyətinin qəbul edən Ermənistan Noyabrın 10-u şərtlərimiz qəbul etməyə məcbur oldu. Xalqımızın itmiş inamı özünə qayıtdı. Şəhidlərimizin qisasını aldıq. İşğaldan azad olunan torpaqlarda minalardan təmizlənmə işləri aparıldıqdan sonra məcburi köçkünlər öz yurdlarına qayıdacaq. Bu gün böyük gündür. Azərbaycan xalqı bu günü bayram edir. Biz bu günü qızıl həriflərlə tarixə yazdıq. 

Fərid Zöhrabov