Hadrutda evin divarına yazılmış bir cümləlik dastan

İkinci Qarabağ müharibəsi ordumuzun zəfəri ilə başa çatdı. Qəhrəman əsgərlərimiz döyüşdə tarix yazdı. Tarix yazan döyüşçülərimizdən biri də, cəbhəyə könüllü getmiş Elçin Əhmədovdur. Elçin 1 saylı Maştağa İnternat məktəbində böyüyüb. Üç uşaq atasıdır. "Ailəmi övladlarımı vətənə əmanət edib gedirəm " deyib könüllü olaraq müharibəyə yollanıb. Müharibənin ilk günlərindən döyüşlərin ən qızmar getdiyi bölgələrdə olub. Hal-hazırda xidmətini davam etdirir.  Döyüşçümüzün paylaşdığı şəkil insanlarımızı qəhərə boğmaqla yanaşı qürurlandırdı. Hadrutu erməni işğalçılarından azad edənlərin içində olub. Elçinin binanın üzərində yazdığı yazı onun necə bir çətin həyat yaşamasını lakin buna baxmayaraq vətənin çətin günündə yanında olduğunun göstəricisidir.

Bəziləri üçün adi şəkil olsa da, bu şəkil haqqında bir dastan yazmaq olar. Qələbədə onun da payı böyükdür. Biz qələbəmizi belə insanlara borcluyuq. Sosial şəbəkələrdə qəlbəmizə kölgə salmaq istəyənlər bu insana baxıb utansınlar. Elçin əsl vətəndaşlıq nümunəsidir. Qardaş sən ana vətən üçün döyüşə getmisən. 28 illik yetimliyimizi sən bitirdin. 

Azərbaycan belə oğullarıyla fəxr edir. 

Fərid Zöhrabov