Yaralı əsgərlərə can verən Kənan yaralı əsgər üçün canını verdi - FOTO
İkinci Qarabağ savaşında döyüşçülərimizlə yanaşı həkimlərimiz də tarix yazdı. Həkimlərimizin, feldşerlərimizin qələbədə payı danılmazdı. Onlar neçə-neçə əsgərlərimizin həyatını xilas etdilər. Təəssüf ki, onlardan da bir neçəsi şəhid oldu.
Bu gün sizə döyüş meydanında yaralı əsgəri xilas edərkən şəhid olan hərbi feldşer Səlimzadə Kənan Məmiş oğlundan söz açacağıq.
Kənan 25 noyabr 1997-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Tibb Texnikumunu bitirmişdir. Müxtəlif döyüş bölgələrində hərbi feldşer kimi fəaliyyət göstərmişdir.
Şəhidimizin atası Day.Az-a oğlu haqqında bunları deyib:
"Kənan uşaqlığından çox ağıllı, tərbiyəli, vətənpərvər oğlan idi. Məktəbi qurtarandan sonra feldşerliyi oxudu. Kursu bitirdikdən sonra hərbi hissələrdən birində hərbi feldşer kimi fəaliyyət göstərməyə başladı. Qulluq etdiyi müddətdə hamının hörmətini qazanmışdı. İkinci Qarabağ müharibəsi başlayanda Kənan da döyüş bölgəsinə cəlb olundu. Neçə-neçə yaralı əsgərimizi xilas etdi. Oktyabr ayının dördündə Füzuli rayonunun Qaraxanbəyli kəndində döyüş zamanı yaralı əsgəri xilas edərkən düşmənin snayper gülləsinə tuş gəldi. Doğma kəndimizdə - İsmayıllı rayonunun Qubaxəlilli kəndində dəfn olundu.
Oğlum nişanlı idi. Toyu olacaqdı. Nə qədər arzularımız yarımçıq qaldı."
Kənan haqqında qazimiz baş leytenant Pərvin Abdullayev də kanalların birində öz xatirələrini bölüşmüşdür.
Döyüş vaxtı hamımızı sarsıdan Kənanı çox tez itirməyimiz oldu. Bu, döyüşdə bizim üçün ən acı səhnə idi. Güllə Kənanın gözündən dəymişdi. Dünyasını dəyişərkən o biri gözü açıq qaldı. Biz onu qapaya bilmədik. O bu həyatdan nakam getdi. Arzuları, istəkləri yarımçıq qaldı. Mən arzuları ürəyində qalan, Kənanla fəxr eliyən valideynlərinə səbr arzulayıram.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Fərid Zöhrabov
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре