Ermənistandan azərbaycanlıların deportasiyası dövlət səviyyəsində verilmiş xüsusi qərarlar əsasında həyata keçirilib

Ermənistandan azərbaycanlıların deportasiyası sovet dövründə baş versə də, bu fakt törədilmiş cinayətin unudulması anlamına gəlmir.

Day.Az xəbər verir ki, bu sözləri Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov bu gün keçirilən "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.

O vurğulayıb ki, bu deportasiya dövlət səviyyəsində verilmiş xüsusi qərarlar əsasında həyata keçirilib:

"Həmin qərarlar qeyri-insani, hüquq və ədalət prinsiplərinə zidd olub. Bu qərarlar nəticəsində kütləvi şəkildə insan hüquqları pozulub. Hesab edirəm ki, Azərbaycan xalqı, xüsusilə də həmin dövrdə Ermənistandan çıxarılan insanların varisləri bu pozulmuş hüquqların bərpasını hüquqa tam uyğun və zəruri bir vəzifə kimi qəbul edə bilərlər. Əminəm ki, Azərbaycanın hüquq-mühafizə və məhkəmə orqanları bu istiqamətdə lazımi işləri görür və gələcəkdə də görəcək".