Yayda Bakı-Naxçıvan-Bakı reyslərinin sayı artacaq
Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 8 müntəzəm reys həyata keçirilir.
Day.Az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində deyib.
"Bildiyiniz kimi hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 8 müntəzəm reys həyata keçirilir. Sərnişin tələbatından asılı olaraq bu say dəyişə bilir. Məsələn, yay mövsümündə sərnişin axını artdığı üçün uçuşların sayı 16-a qədər artır. Ümumiyyətlə, reyslərin sayında edilən dəyişikliklər həm əməliyyat səmərəliliyi, həm də uçuş təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilir", - o bildirib.
Samir Rzayev qeyd edib ki, kəskin hava şəraiti, gözlənilməz texniki hallar zamanı müəyyən operativ qərarlar qəbul edilir və uçuş cədvəlində müəyyən dəyişikliklər tətbiq edilə bilir.
"Bir də görürsünüz ki, Bakıdan uçuşlarda təyyarə havaya qalxır və Naxçıvan istiqamətində davam etməkdədir vəartıq Naxçıvana çatdıqda, ümumiyyətlə hava şəraitində dəyişiklik baş verdikdə və eyni zamanda, Naxçıvan Hava Limanının xüsusi relyefli bir ərazidə yerləşdiyini nəzərə alaraq, hava şəraiti təhlükəli hesab edildiyindən ekipaj - uçuş heyəti qərar verir ki, bu təhlükəli hesab olunur və təyyarə qayıtmalıdır. Sözsüz bizim üçün, AZAL üçün prioritet təhlükəsizlikdir və burada heç bir xərcə, heç bir əlavə xərclərə baxmadan birmənalı şəkildə qərar ondan ibarətdir ki, təyyarə qayıtmalıdır, Bakıya eniş etməlidir və hava düzəldikdə həmin reys yenidən yerinə yetirilə bilər", - o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре