Azərbaycan və Ermənistan arasında de- fakto sülh bərqərar olub - Ceyhun Bayramov
Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub və bu, normallaşma prosesində ən mühüm nailiyyətdir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdə deyib.
Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində Minsk qrupunun ləğvi ilə yanaşı, etimadın möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.
Onun sözlərinə görə, son bir il ərzində Azərbaycan birtərəfli qaydada bir sıra məhdudiyyətləri aradan qaldırıb, Ermənistana və Ermənistandan yüklərin daşınmasına şərait yaradıb, həmçinin Ermənistana neft məhsulları təqdim edib.
"Bu istiqamətdə əlavə müsbət inkişafları da qeyd edə bilərik", - deyə C.Bayramov bildirib.
Nazir vurğulayıb ki, prosesin yekunlaşdırılması baxımından ən mühüm məqam Azərbaycan və Ermənistan arasında de-fakto sülhün bərqərar olmasıdır.
"Mən qeyd etdiyim bütün son inkişaflar Azərbaycanla Ermənistan arasında birbaşa ikitərəfli dialoq əsasında həyata keçirilir. Bu ikitərəfli format öz effektivliyini təkcə bizim üçün deyil, bütün dünyaya sübut edib", - deyə o qeyd edib.
C.Bayramov bildirib ki, Azərbaycan bundan sonra da normallaşma prosesinin məhz ikitərəfli formatda davam etdirilməsinin tərəfdarıdır.
Sülh sazişinin imzalanmasına toxunan nazir vurğulayıb ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.
"Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişinin imzalanmasını mümkün hesab edirik", - deyə C.Bayramov əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре