Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar
Macarıstanda keçirilən Böyük Hun-Türk Qurultayı çərçivəsində Türk dünyasının arxeoloqları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, görüşlərdə müxtəlif ölkələrdə aparılan arxeoloji tədqiqatların nəticələrinin vahid rəqəmsal bazada toplanması təşəbbüsü irəli sürülüb. Layihənin məqsədi türk xalqlarının qədim tarixi və mədəni irsi ilə bağlı məlumatların sistemləşdirilməsi, elmi məlumat mübadiləsinin asanlaşdırılması və yeni tədqiqat imkanlarının yaradılmasıdır.
Mütəxəssislər bildiriblər ki, ortaq elektron platforma arxeoloji abidələr, qədim yaşayış məskənləri, dəfn kompleksləri və tapıntılar barədə məlumatların daha geniş elmi ictimaiyyət üçün əlçatan olmasına imkan verə bilər.
Təşəbbüs Macarıstanla yanaşı, Azərbaycan və digər türk dövlətlərinin alimləri arasında əlaqələrin gücləndirilməsinə də xidmət edəcək. Qurultay çərçivəsində tarix, arxeologiya və mədəni irslə bağlı təqdimatlar da keçirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре