https://news.day.az/azerinews/1862189.html “Surety Marine” Orta Dəhliz üzrə sığorta imkanlarını qiymətləndirir - Kirill Patyrykin - MÜSAHİBƏ Dəniz və maliyyə riskləri üzrə ixtisaslaşmış beynəlxalq sığorta şirkəti "Surety Marine" Orta Dəhliz üzrə sığorta imkanlarını qiymətləndirir. Bunu "Surety Marine" şirkətinin baş direktoru Kirill Patyrykin Trend-ə müsahibəsində deyib.

“Surety Marine” Orta Dəhliz üzrə sığorta imkanlarını qiymətləndirir - Kirill Patyrykin - MÜSAHİBƏ

Azərbaycanca, 24 сентября 2026 09:00 (UTC +04:00) 130
“Surety Marine” Orta Dəhliz üzrə sığorta imkanlarını qiymətləndirir

Dəniz və maliyyə riskləri üzrə ixtisaslaşmış beynəlxalq sığorta şirkəti "Surety Marine" Orta Dəhliz üzrə sığorta imkanlarını qiymətləndirir.

Bunu "Surety Marine" şirkətinin baş direktoru Kirill Patyrykin Trend-ə müsahibəsində deyib.

"Azərbaycan Xəzər dənizində yerləşməsi və Asiya ilə Avropa bazarlarını dəniz və quru nəqliyyatının kombinasiyası vasitəsilə birləşdirən Orta Dəhlizdəki rolu baxımından maraqlı imkanlar təqdim edir.

Şirkətlər alternativ marşrutları nəzərdən keçirdikcə, bu səfərlərə uyğun sığorta həllərinin hazırlanması istiqamətində yerli sığortaçılar, brokerlər, gəmi sahibləri və logistika operatorları ilə əməkdaşlıq potensialı görürük.

Multimodal daşımalar yükün yüklənməsi və boşaldılması, müvəqqəti saxlanması, müxtəlif daşıyıcılar arasında ötürülməsi və daşınmanın müxtəlif mərhələləri boyunca sığorta təminatının fasiləsizliyi məsələləri xüsusi diqqət tələb edir.

İmkan bu marşrutların faktiki fəaliyyət xüsusiyyətlərini nəzərə alan sığorta məhsullarının hazırlanmasındadır. Bu marşrutların inkişafı infrastrukturdan, xidmətlərin etibarlılığından və kommersiya səmərəliliyindən, həmçinin beynəlxalq ticarətdə daha çox şaxələndirməyə olan tələbdən asılı olacaq", - o bildirib.

Hörmüz boğazında vəziyyətin dəyişməsinin beynəlxalq dəniz sığortası bazarına təsiri

Baş direktor Hörmüz boğazında vəziyyətin dəyişməsinin beynəlxalq dəniz sığortası bazarına təsirini qiymətləndirib:

"Təsir çox ciddi olub. Mən bu sahəyə ilk daxil olduğum vaxtlarda müharibə və hücum riskləri üzrə sığorta tariflərinin təxminən 0,1-0,2% olduğunu xatırlayıram. Bu gün yüksək riskli sığorta obyektləri üzrə tariflər illik 20%-i keçə bilər. Bu da risk qavrayışının nə qədər kəskin dəyişdiyini göstərir.

Hörmüz boğazı ətrafında gərginliyin artması həm sığorta haqlarına, həm də sığortaçıların ayrı-ayrı səfərləri hansı şərtlərlə sığortalamağa hazır olmasına təsir edib. Münaqişənin miqyası və müddəti ilə bağlı qeyri-müəyyənlik səfərin iqtisadi səmərəliliyini əsaslı şəkildə dəyişə bilər.

Mənim fikrimcə, bu, bazarın geosiyasi riskləri necə qiymətləndirməsində daha dərin dəyişikliyi əks etdirir. Bir strateji su yolunda yaranan fasilə eyni vaxtda gəmilərə, yüklərə, enerji təchizatına və maliyyələşməyə təsir göstərə bilər. Bunun nəticələri sığorta sektorundan çox-çox kənara çıxır".

Konkret marşrut üzrə hərəkət edən gəmi üçün sığorta haqqının müəyyən edilməsinə təsir edən əsas amillər

Kirill Patyrykin həmçinin bu gün konkret marşrut üzrə hərəkət edən gəmi üçün sığorta haqqının müəyyən edilməsinə təsir edən əsas amillərdən də bəhs edib. Onun sözlərinə görə, ilkin olaraq gəminin faktiki riskə məruz qalma səviyyəsi qiymətləndirilir: gəmi harada üzəcək, həssas ərazidə nə qədər qalacaq, hansı limanlara daxil olacaq və hansı yükü daşıyacaq.

"Birgə Müharibə Komitəsinin ("Joint War Committee") siyahısında yer alan ərazilər müharibə risklərinin qiymətləndirilməsi üçün mühüm istinad mənbəyidir. Lakin komitə sığorta haqlarını müəyyən etmir. Tariflər anderrayterlər və brokerlər arasında fərdi qaydada razılaşdırılır.

Anderrayterlər həmçinin gəminin bayrağını, sahibini, yaşını, texniki vəziyyətini, sığorta hadisələri tarixçəsini və idarəetmə standartlarını, eləcə də ekipajın təcrübəsini və təhlükəsizlik hazırlığını nəzərə alırlar. AIS üzrə səfər tarixçəsi, sanksiyaların yoxlanılması və təsdiqlənmiş təhlükəsizlik məlumatları ümumi vəziyyəti qiymətləndirməyə kömək edir.

Dron hücumları və naviqasiya sistemlərinə müdaxilə kimi təhdidlər xüsusi diqqət tələb edir. Nəticə etibarilə sığorta haqqı bütün bu amillərin, tələb olunan sığorta təminatının və sığortaçının səfərlə bağlı risk qiymətləndirməsinin məcmusunu əks etdirir", - o vurğulayıb.

Şirkət rəsmisi bildirib ki, "Surety Marine" risklərin qiymətləndirilməsi və anderraytinqə yanaşmasına görə ənənəvi sığorta şirkətlərindən fərqlənir:

"Bizim yanaşmamız ixtisaslaşmış anderraytinqə və hər bir müştərinin fəaliyyətinin ətraflı başa düşülməsinə əsaslanır.

Dəniz sığortası müxtəlif biznes modellərini əhatə edir. Məsələn, qarşılıqlı P&I klubları kollektiv risk bölüşdürülməsi əsasında məsuliyyət sığortası təmin edir və bu sistem Beynəlxalq Qrupun (International Group) birgə risk hovuzu və təkrar sığorta mexanizmləri ilə dəstəklənir. Bu struktur sektorda mühüm rol oynayır.

"Surety Marine"də isə fərdi qiymətləndirmə tələb edən mürəkkəb və ixtisaslaşmış risklərə diqqət yetiririk. Biz texniki anderraytinqi gəminin fəaliyyəti, kommersiya marşrutları və dəyişən risk mühiti ilə bağlı təhlillə birləşdiririk.

Müştərilər sığorta məsələlərinin qiymətləndirilməsində getdikcə daha təcrübəli və tələbkar olurlar. Onlar anderraytinq qərarlarının arxasında aydın əsaslandırma, bizneslərinin praktiki xüsusiyyətlərinin başa düşülməsini və sığorta təminatının əhatə dairəsi ilə bağlı əminlik gözləyirlər. Bizim yanaşmamız da bu gözləntilərə cavab vermək məqsədi daşıyır".

 

Kirill Patyrykin eyni zamanda dəniz sığortasında əsas risklərin artıq yalnız gəmiyə fiziki zərər dəyməsi ilə məhdudlaşmadığından, həm də gəmiçilik marşrutlarının və fəaliyyət mühitinin dəyişməsinidən də bəhs edib:

"Dəniz sığortası, xüsusilə məsuliyyət və yük sığortası çərçivəsində həmişə gəmiyə dəyən fiziki zərərdən daha geniş riskləri əhatə edib. Yeni aktuallaşan məsələ fiziki, əməliyyat və geosiyasi risklərin bir-biri ilə qarşılıqlı əlaqəsidir.

Gəmi heç bir zərər görmədən belə onun səfəri əhəmiyyətli dərəcədə çətinləşə və ya bahalaşa bilər. Marşrutun dəyişdirilməsi, uzunmüddətli saxlanma, liman məhdudiyyətləri və naviqasiya sistemlərinə müdaxilə fəaliyyət mühitini dəyişə bilər.

Daha uzun səfərlər yanacaq sərfiyyatına, texniki xidmət qrafiklərinə və ekipajın iş yükünə də təsir göstərə bilər. Anderrayter üçün bu dəyişikliklər əhəmiyyətlidir, çünki onlar gəminin fəaliyyət göstərdiyi şəraiti dəyişir.

Buna görə də risklərin qiymətləndirilməsi gəmini daha geniş ticarət mühiti çərçivəsində nəzərdən keçirməlidir. Eyni zamanda biznesin üzləşdiyi risklərlə sığorta polisinin faktiki olaraq əhatə etdiyi zərərlər arasında aydın fərq qoyulmalıdır".

Hörmüz boğazı, Qırmızı dəniz və digər strateji gəmiçilik marşrutlarında yaranan risklərin qlobal ticarət sığortası modelində üzə çıxardığı boşluqlar

Baş direktor, həmçinin son illərdə Hörmüz boğazı, Qırmızı dəniz və digər strateji gəmiçilik marşrutlarında yaranan risklərin qlobal ticarət sığortası modelində hansı boşluqları üzə çıxarmasından da danışıb:

"Mənim fikrimcə, ən ciddi boşluq sığortalanmış fiziki zərər olmadan yaranan fasilələrin maliyyə nəticələri ilə bağlıdır.

Gəmi sahibi və ya yük sahibi marşrut təhlükəli olduğu və ya səfər gecikdiyi üçün əhəmiyyətli əlavə xərclərlə üzləşə bilər. Bu xərclərin ödənilib-ödənilməməsi alınmış sığorta təminatından və konkret polis şərtlərindən asılıdır. Buna görə də şirkətlər kommersiya baxımından üzləşdikləri risklə sığorta təminatlarının əhatə dairəsi arasında ciddi fərq olduğunu görə bilərlər.

Digər problem risklərin konsentrasiyasıdır. Bir regional böhran eyni anda çoxsaylı gəmi və yüklərə təsir göstərə, bununla da anderraytinq imkanlarına və təkrar sığortaya təzyiq yarada bilər.

Bu hadisələr sığorta təminatının əhatə dairəsi ilə bağlı gözləntilərin daha aydın müəyyənləşdirilməsinin, bir-biri ilə əlaqəli risklərin daha yaxşı qiymətləndirilməsinin və ticarət şəraiti dəyişdikdə müştərilər, brokerlər və sığortaçılar arasında daha erkən müzakirələrin aparılmasının vacibliyini göstərir".

Kirill Patyrykinyük sığortası üzrə risklərin qiymətləndirilməsinin gəmi gövdəsi sığortasından fərqindən də danışaraq bildirib ki, yük sığortasında ilk növbədə yükün özünə və onun daşınma zamanı itki və ya zədələnməyə həssaslığına diqqət yetirilir:

"Yükün xüsusiyyətləri və dəyəri, qablaşdırılması, yerləşdirilməsi, daşınma şərtləri, temperatur həssaslığı və planlaşdırılan marşrut, o cümlədən saxlama və yükün bir nəqliyyat vasitəsindən digərinə keçirilməsi qiymətləndirilir.

Daşınma müddəti, xüsusilə tez xarab olan və ya həssas yüklər üçün əhəmiyyətlidir. Lakin standart yük sığortası gecikmədən yaranan bütün maliyyə nəticələrinə qarşı təminat kimi başa düşülməməlidir. "Institute Cargo Clauses" qaydaları, onların konkret şərtlərindən asılı olaraq, ümumilikdə gecikmədən yaranan itki, zərər və ya xərcləri istisna edir.

Gəmi gövdəsi və mexanizmlərin sığortalanmasında isə diqqət gəminin özünə yönəlir. Onun konstruksiyası, yaşı, klassifikasiyası, mexanizmlərinin vəziyyəti, texniki xidməti, idarəetməsi və istismar tarixçəsi nəzərə alınır. Qiymətləndirmə potensial zərərin, təmir və bərpa xərclərinin, həmçinin gəminin tam itirilməsi ehtimalının müəyyənləşdirilməsini əhatə edir".

Növbəti 2-3 il ərzində beynəlxalq dəniz sığortası bazarında əsas dəyişiklik gözləntiləri

Baş direktor sonda növbəti 2-3 il ərzində beynəlxalq dəniz sığortası bazarında əsas dəyişiklik gözləntilərini bölüşüb:

"Növbəti 2-3 il ərzində süni intellektin, o cümlədən böyük dil modellərinin dəniz sığortası üzrə anderraytinq proseslərinə daha geniş şəkildə inteqrasiya olunacağını düşünürəm. Sənədlərin nəzərdən keçirilməsi, risk məlumatlarının sistemləşdirilməsi və uyğunsuzluqların müəyyən edilməsi bu alətlərin əhəmiyyətli töhfə verə biləcəyi sahələrdir.

Həmçinin səfərlərin qiymətləndirilməsini, daha çevik qiymət müəyyənləşdirilməsini və uyğunluğa davamlı nəzarəti dəstəkləmək üçün peyk məlumatlarından, gəmi izləmə sistemlərindən və gəmidəki sensor məlumatlarından daha geniş istifadə olunacağını gözləyirəm.

Bu inkişaflar məlumatların keyfiyyətinə və informasiyanın qərara necə təsir etdiyini izah etmək qabiliyyətinə daha böyük əhəmiyyət verəcək. İnsan məsuliyyəti isə əsas olaraq qalacaq.

Gəmilərdə videomüşahidə də daxil olmaqla daha geniş monitorinq imkanlarının tətbiqi də nəzərdən keçirilə bilər. Mənim fikrimcə, belə istifadənin aydın əməliyyat məqsədi və məxfiliyin qorunması üçün mütənasib təminatları olmalıdır. Texnologiya anderraytinq qərarlarının keyfiyyətini və təhlükəsizliyi artırmalı, eyni zamanda etimadı qorumalıdır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости