"Bolt"dan çağırdığı sürücü başına iş açdı - YENİLƏNİB - FOTO
"Bolt" taksi şirkətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Bolt" müştəriləri fərdi sahibkar sürücülər və tərəfdaş avtoparklarla əlaqələndirən, xidmətlərin tətbiq vasitəsilə sifarişinə imkan yaradan texnoloji platformadır. Sürücülər Bolt-un əməkdaşları deyil, onlar müstəqil şəkildə və ya tərəfdaş avtoparkların adından fəaliyyət göstərirlər.
Qeyd olunub ki, hər bir müraciət fərdi qaydada araşdırılır və hadisənin halları nəzərə alınaraq məsələnin həlli üçün müvafiq tədbirlər görülür. Zərərin qarşılanması məsələsi isə hadisənin halları və qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
Şirkət müştərilərə belə hallarda tətbiqdə müvafiq sifarişi seçərək "Bolt"un müştəri dəstəyinə müraciət etməyi tövsiyə edir. Bildirilib ki, bu, şirkətə hadisəni araşdırmağa, tərəfdaşla əlaqə saxlayaraq məsələnin həlli prosesini izləməyə və müştəriyə dəstək göstərməyə imkan verir. Təsdiqlənmiş qayda pozuntuları ilə bağlı da müvafiq tədbirlər görülür.
"Bolt"dan, həmçinin bildirilib ki, müştərinin müraciətinə baxılıb və xidmət təchizatçısı tərəfindən xərclərin qarşılanması təklif edilib.
ХХХ
"Bolt" taksi şirkətinin sürücüsü müştərinin avtomobilinə zərər vurub.
Day.Az xəbər verir ki, Milli.Az-a daxil olan şikayətə görə, hadisə oktyabrın 23-də gecə saat 00:30 radələrində Masazırda baş verib.
Şikayətçi bildirib ki, "Bolt" tətbiqi vasitəsilə ayıq sürücü çağırıb. Sürücü avtomobili hərəkətə gətirən zaman maşının ön sağ buferini əzib.
Şikayətçi sürücüdən dəymiş zərəri kimin ödəyəcəyini soruşduqda, sürücü şirkətlə əlaqə saxlamağı söyləyib və sığortalarının olduğunu bildirib.
Zərərçəkən növbəti gün məsələnin həlli üçün "Bolt" şirkəti ilə əlaqə saxlayıb. Şikayətçi iddia edir ki, şirkətlə yazışmaları zamanı ona müxtəlif səbəblər göstərilib. Şirkət şikayətçiyə bildirilib ki, sürücü işə qəbul edilərkən məsuliyyəti barədə məlumatlandırılıb.
Vətəndaş isə hesab edir ki, "Bolt" vasitəsilə çağırdığı sürücünün avtomobilinə vurduğu zərərin həlli üçün şirkət kömək etməli və məsələni sürücü ilə sonra özləri aydınlaşdırmalıdırlar. Onun sözlərinə görə, şirkət məsuliyyəti sürücünün üzərinə qoyaraq, məsələni özü ilə həll etməli olduğunu bildirir.
Şikayətçi baş ofisə də müraciət etdiyini, lakin problemin həll olunmadığını deyir. Onun sözlərinə görə, hadisədən sonra vaxt itirməsinə baxmayaraq, dəymiş zərərin ödənilməsi ilə bağlı konkret nəticə əldə edə bilməyib.
Məsələ ilə bağlı "Bolt" şirkətinə sorğu ünvanlanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре