Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
Almaniyanın keçmiş kansleri Angela Merkel növbəti federal prezidentin qadın olmasının tərəfdarı olduğunu bildirib.
Day.Az xəbər verir ki, A. Merkel bu barədə "Magenta TV"yə müsahibəsində bildirib.
O qeyd edib ki, Almaniya Federativ Respublikasının 77 illik tarixində indiyədək heç bir qadın federal prezident seçilməyib.
Keçmiş kansler hesab edir ki, artıq dövlət başçısı vəzifəsinə qadının seçilməsinin vaxtının çatıb-çatmadığı barədə düşünmək lazımdır. A. Merkel bu vəzifəyə seçilməyə layiq hesab etdiyi şəxsləri tanıdığını, lakin onların adlarını açıqlamaq istəmədiyini bildirib.
Qeyd edək ki, Almaniyanın növbəti federal prezidentini seçmək üçün 2027-ci il yanvarın 30-da Federal Məclis toplanacaq. 1 260 nümayəndədən ibarət olan bu qurumun yarısını Bundestaqın deputatları, digər yarısını isə federal torpaqların parlamentləri tərəfindən seçilən nümayəndələr təşkil edir.
Hazırkı prezident Frank-Valter Ştaynmayer iki müddət prezident vəzifəsində çalışdığı üçün yenidən namizədliyini irəli sürə bilməz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре