https://news.day.az/showbiz/426014.html İlkin Həsəni: “Bu şayiələrin gerçək olmasını arzulayıram”

İlkin Həsəni: “Bu şayiələrin gerçək olmasını arzulayıram”

Шоу-бизнес, 28 августа 2013 12:42 (UTC +04:00) 2 176
İlkin Həsəni: “Bu şayiələrin gerçək olmasını arzulayıram”

Day.Az представляет интервью на азербайджанском языке.
  

Tanınmış teleaparıcı İlkin Həsəninin Milli.Az-a müsahibəsi

- İlkin Həsəni adı gələndə insanların üzündə xoş bir təbəssüm yaranır, bu sevgini qazanmaq üçün neçə illər sərf etdiniz?

- Artıq on iki ildir ki, efirdəyəm və məni tanıtdıran, məni sevdirən bir kanaldayam, vaxtı ilə ATV üçün çalışdıq, kanalın bir nömrə olması üçün əlimizdən gələni etdik. Şükürlər olsun ki, bunu edə bildik, mən və ATV-yə sadiq digər həmkarlarımın sayəsində. Amma səmimi etiraf edim ki, İlkin Həsəni kimi sevilməyimdə Şəmi müəllim obrazının da rolu az olmadı, üstəgəl dəyişilməz qalan aparıcılıq tərzim, saç düzümüm, geyimimi də əlavə etmək olar. Fəxrlə söyləyə bilərəm ki, hal-hazırda yerli tv-lərdə barmaqla sayıla biləcək, mənliyini və əqidəsini itirməyən kişi aparıcılardanam.

- Nəyə görə məhz aparıcı olmaq istədiz, bildiyimizə görə ixtisasca rejissorsuz?

- Bəli, ixtisasım rejissordur, İncəsənət Universitetinin televiziya rejissoru fakültəsini bitirmişəm, 2011-də özümü diktor kimi sınamaq istədim, pis alınmadı. Bir il sonra tv-yə çıxdım, efirdə danışacağım hər bir şeyi bir gün əvvəl yazırdım, əzbərləyirdim sonra isə efirə çıxırdım. Sanki bir robot kimi, bu da mənə elə gəlir ki, on səkkiz-on doqquz yaşlı bir gənc üçün normal idi (gülür). Amma söz verirəm nə vaxtsa efirdən ayrılsam da, kamera arxasında qalacam, efirdən zövq aldığım qədər də kamera arxasından zövq alıram.

- Nəyə görə məhz komediya?

- Bu gün tamaşaçını ağlatmaq çox asandır, bunun üçün kifayət qədər verlişlərimiz və seriallarımız var. Hələ yerli istehsalın köməyinə türk kinoindustriyası dəstək olanda aləm dəyir bir-birinə. Hər zaman böyük aktyorlarımıza bu sualı vermişəm mən də, insanı ağlatmaq çətindir, ya güldürmək, yekdilliklə "ağlatmaq" cavabını veriblər. Ona görə də yumorun kasad bir dövründə camaatı az da olsa güldürə biliriksə, üzlərində təbəssüm yarada biliriksə, xoşbəxtik.

- Yeni mövsümdə Bozbaş Pictures yenidən ekranlara qayıdır, nələr olacaq?

- Yeni mövsümdə qırğın olacaq (gülür). Demək olar ki, bütün yayı işlədik, yəni seriyalarımızın çəkilişini etdik, bir yumoristik layihə üçün əlimizdə olan bütün imkanlardan istifadə etdik. Düzdü, tamaşaçı baxanda heç hiss eləməyəcək ki, bu çəkiliş Sabirabadda qarpız tarlasında qırx iki dərəcəlik bir istidə çəkilib, amma yenə də deyim ki, xoş bir əziyyət yaşayırdıq.

- Bozbaş Pictures komandası olaraq heç biriniz ixtisasca aktyor deyilsiniz, amma oynadığınız obrazların öhdəsindən peşəkarcasına gəlirsiz, sizi qısqananlar var?

- Aramızda ixtisasca iki aktyor var, Fəlakət obrazı ilə yadda qalan, əla-əla deyən Elşən Orucov və hər zaman döyülən, söyülən, lakin sevilən Nicat Rəhimov (gülür). Qısqananlara gəldikdə isə, onlara vaxt ayıracaq qədər bekar deyilik, olsunlar, normal bir haldır! Amma bir şeyi deyim ki, seriallarımız inkişafa başlayandan sonra qısqananlar bir az azalıb.

- Şəmi və Şöşü komediya aktyorları Coşqun və Rafael, Tahir və Cabir qardaşlarına, Elməddin və Müşfiq, Fərdaya rəqibdirlərmi?

- Qətiyyən yox. Heç kəsə sirr deyil ki, səhnədə və ya efirdə nəyləsə fərqlənmək üçün və ya yadda qalmaq üçün gərək digərlərindən fərqli olasan, yenilik gətirəsən! Adlarını çəkdiyiniz hər kəs isə bu səhnəyə yenilik gətirən insanlardır, hər kəsin ayrı stilistikası, ayrı tamaşaçı kütləsi var. Qardaşlarımızdır hamısı.

- Sosial şəbəkə deyəndə ilk ağıla İlkin Həsəni gəlir, bezməmisiz virtual həyatdan?

- Neçə il əvvəl məni o qədər adam elə qınayırdı ki, buna görə (gülür). İndi həmin o adamların əlindən telefonları ala bilmirəm (onların içində yaxın dostlarım da var (gülür)) əvvəl bu virtual həyatda bir vaxt keçirmək idisə, indi işimlə bağlı, çəkilişlərimlə bağlı, ətrafımla, gördüklərimlə bağlı paylaşımlar edirəm. Digər məşhurlar kimi səhifəmilərimi öz yaradıcılığımla doldurmuram, arada aparıcı İlkin Həsəni paylaşımları etsəm də, bəzən də adi bir vətəndaş kimi öz mövqeyimi bildirirəm.

- Sizi hal-hazırda nə təəccübləndirə bilər?

- O qədər şeylər gördüm ki, bu iyirmi doqquz ildə (gülür). İnanmıram nəyəsə təəccüblənə bilim.

- Sizcə, xanımlar sizdə nəyi bəyənir?

- Vallah, onu xanımlardan soruşsanız, daha yaxşı olar (gülür). Yəqin diqqətçilliyim, mədəniyyətim və digər müsbət xüsusiyyətlərimə görə!

- Bəs İlkinin zövqünü soruşsaq?

- İlkinin zövqü dünyagörüşlü, müasir və sevdiyi insanı hər xırda şeyə qısqanmayan bir Azərbaycan xanımı!

- Yəqin ki, bu sualı sizə çox verirlər - "niyə evlənmirsən"?

- Bu sual son bir-iki ilin trendidir (gülür). Ənənəvi olaraq isə bu sualı hansısa toy məclisində qohumlarımız verir, inşallah, yəqin üzümüzə gələn ildə bütün diqqətimi bu məsələyə yönləndirəcəm. Bir ara söz-söhbət gəzdi nişanlanmağım barədə, toya hazırlaşmağım barədə, tezliklə bu şayiələrin gerçək olması arzusuyla.

- Bəzən şou adamından yaxşı ailə başçısı olmaz deyirlər, sizcə, bu doğrudur?

- Elə o qeyri-ciddi şou adamlarına görə də yaxşıların da adı pis çıxıb. İnsan pula görə, şan-şöhrətə görə, gündəmə gəlməyinə görə necə ailə həyatı qura bilər? Yəqin ailənin müqəddəsliyi hələ onlara çatmır! Bu ay evlənib bir neçə aydan sonra boşanan şou adamlarına görə də bəzən biz də əziyyət çəkirik! Amma qətiyyətlə deyə bilərəm ki, həmin o şou adamı əgər gözünü açıb ailəcanlılıq görübsə, ailəyə hörmət, sevgi görübsə, atasının anasına qarşı hörmətini görübsə, mütləq gözəl bir ailə başçısı olacaq!

- İlkin Həsəni xəyanətlə qarşılaşıb?

- Hə, olub, illər öncə tələbəlik illərimdə yaşadım o xəyanəti (gülür). Bu gün o xəyanəti gülümsəyərək yada salıram, çünki xəyanəti görən insan həyatda bir az da güclənir, möhkəm olur.

- İddianiz nədir?

- İddiam Azərbaycanın televiziya və internet məkanında faydalı və baxımlı işlər görmək!

- "Peşman olmaq" - yaşayıb İlkin Həsəni bu hissi?

- Kiçik peşmanlıqlar olub, amma şükürlər olsun ki, həyatımda ciddi səhvlərə yol verib peşman olmamışam, düzdü, təəssüf hissi olub, amma peşman olmaq hissini yaşamamışam! Yəqin gələcəkdə də yaşamaram.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости