DÇ-2026: İngiltərə Meksikanı məğlub edib 1/4 finala yüksəldi - VİDEO
İngiltərə millisi futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 finalında Meksikanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Day.Az İdman.Biz-ə isitnadən xəbər verir ki, Mexikodakı əfsanəvi "Azteka" stadionunda keçirilən oyun tufan səbəbindən gec başlasa da, start fitindən sonra pley-off mərhələsinin ən gərgin qarşılaşmalarından birinə çevrildi.
Meksika matça daha fəal başladı və hesabı ilk açmağa yaxın idi. Lakin Cordan Pikford Raul Ximenesin təhlükəli zərbələrindən sonra İngiltərəni xilas etdi. Tomas Tuxelin komandası tədricən oyunda tarazlığı bərpa etdi və ilk hissənin sonlarında rəqibə iki ağır zərbə vurdu.
36-cı dəqiqədə Cud Bellinqem Bukayo Sakanın ötürməsini qola çevirdi. Cəmi iki dəqiqə keçməmiş o, Harri Keynin ötürməsindən sonra dublunu rəsmiləşdirdi - 2:0.
Meksika təslim olmadı və fasiləyədək intriqanı qaytardı. Xulian Kinyones güclü zərbə ilə fərqi azaltdı. İkinci hissədə isə oyun daha da gərginləşdi. 54-cü dəqiqədə Carrell Kuansa VAR baxışından sonra Xesus Qalyardoya qarşı kobud oyuna görə qırmızı vərəqə aldı.
Azlıqda qalan İngiltərə buna baxmayaraq hücumdan imtina etmədi və penalti qazandı. Keyn nöqtədən dəqiq oynadı - 3:1. Amma az sonra İngiltərə kapitanı öz cərimə meydançasında qaydanı pozdu və Ximenes penalti ilə hesabı 3:2 etdi.
Son dəqiqələr Meksikanın təzyiqi altında keçdi. Azarkeşlərin dəstəyi ilə meydan sahibləri bərabərlik qolunu axtarsalar da, İngiltərə tab gətirdi və 1/4 finala vəsiqə qazandı. Tuxelin komandası yarımfinal uğrunda Braziliyanı sensasiyalı şəkildə mübarizədən kənarlaşdıran Norveçlə qarşılaşacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре