Seysmoloqdan Azərbaycanda zəlzələ ilə bağlı

Dünyada və ətraf regionlarda aktiv olaraq seysmoloji fəaliyyətin şahidi oluruq. Bu baxımdan ölkəmizin seysmoloji vəziyyətinin nə yerdə olduğu hər kəsə maraqlıdır.

Day.Az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib ki, qonşu ölkələrdə və dünyanın müxtəlif bölgələrində son dövrlərdə baş verən güclü zəlzələlər cəmiyyətdə narahatlıq yaradır.

O, qeyd edib ki, bu hadisələr Azərbaycanın yaxın zamanda mütləq güclü zəlzələ ilə üzləşəcəyi anlamına gəlmir.

"Hər regionun özünəməxsus geoloji, tektonik və seysmik xüsusiyyətləri mövcuddur və zəlzələlər həmin amillərin təsiri altında formalaşır. Azərbaycan seysmik cəhətdən aktiv ərazidə yerləşdiyindən ölkə daxilində zəlzələlərin baş verməsi təbii geoloji və tektonik proses hesab olunur. Ən yüksək seysmik aktivlik Böyük və Kiçik Qafqaz dağlıq zonalarında, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Talış dağları, Quba-Şabran bölgələrində və Xəzər dənizinin Azərbaycan sektorunda müşahidə edilir. Xəzər dənizi geoloji və tektonik baxımdan mürəkkəb quruluşa malikdir və burada çoxsaylı tektonik qırılmalar, qırılma qovşaqları və seysmik ocaqlar mövcuddur", - o deyib. 

Seysmoloq əlavə edib ki, qonşu ölkələrdə, xüsusilə Türkiyə və İranda baş verən zəlzələlər regional tektonik gərginliyin mövcudluğunu göstərsə də hər bir zəlzələ özünəməxsus geoloji şəraitdə yaranır:

"Buna görə də başqa ölkədə baş vermiş zəlzələni əsas götürərək Azərbaycanda yaxın günlərdə və ya aylarda mütləq güclü zəlzələnin baş verəcəyini söyləmək seysmoloji və fiziki elmi baxımdan mümkün deyil. Hazırda ölkə ərazisində aparılan seysmoloji müşahidələr əsasında fövqəladə təhlükə yarada biləcək hər hansı qeyri-adi aktivlik qeydə alınmayıb. Bununla yanaşı, Azərbaycanda seysmik proseslər sutka ərzində fasiləsiz izlənilir və əldə olunan məlumatlar mütəmadi olaraq təhlil edilir.

Rəhbərlik etdiyim Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsində baş verən zəlzələlərin seysmik dalğa formaları, ocaqların parametrləri, tektonik xüsusiyyətləri və başvermə mexanizmləri müasir elmi metodlarla təhlil olunur. Aparılan tədqiqatlar seysmik proseslərin daha dərindən öyrənilməsinə və ölkənin seysmik təhlükəsinin qiymətləndirilməsinə xidmət edir. Bununla belə, müasir elm hələ də zəlzələnin dəqiq vaxtını, yerini, maqnitudasını və ocaq dərinliyini əvvəlcədən müəyyən etmək imkanına malik deyil," - o vurğulayıb.

Q.Babayev əlavə edib ki, məhz buna görə də əsas diqqət seysmik təhlükənin və riskin qiymətləndirilməsinə, zəlzələyə davamlı tikililərin layihələndirilməsinə, monitorinq sistemlərinin təkmilləşdirilməsinə və əhalinin hazırlıq səviyyəsinin artırılmasına yönəldilməlidir:

"Zəlzələlərin baş verməsi təbii və qaçılmaz prosesdir. Güclü dağıdıcı zəlzələlərin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün olmasa da, hiss olunan zəlzələlərin gələcəkdə də müşahidə ediləcəyi gözləniləndir. 2026-cı ilin ilk altı ayı da ölkədə seysmik və tektonik aktivliyin davam etdiyini göstərir. Bu səbəbdən risklərin azaldılması istiqamətində görülən qabaqlayıcı tədbirlər mümkün zəlzələlərin təsirini minimuma endirmək baxımından ən səmərəli yanaşmadır," - o yekunlaşdırıb.

Nəsimi Ələsgərli