Qəhvənin həddindən artıq qəbulu qan təzyiqini yüksəldə bilər
Rusiyalı kardioloq Valentina Baydinanın sözlərinə görə, qəhvənin orqanizmə təsiri onun qəbul edilən miqdarından asılıdır. Həkim bildirib ki, gündə iki-üç fincandan çox qəhvə içilməsi qan təzyiqinin yüksəlməsinə və ürək döyüntüsünün sürətlənməsinə səbəb ola bilər.
Day.Az xəbər verir ki, stres, yuxusuzluq və siqaretlə birlikdə qəbul edilən kofein isə bu riski daha da artırır.
Baydina qeyd edib ki, qan təzyiqi dərmanlarla nəzarətdə olan hipertoniyalı şəxslər gündə bir fincan orta tündlükdə qəhvə içə bilərlər. Səhərlər təzyiqi yüksək olanlara isə qəhvəni günün ikinci yarısında və mümkün olduqda südlə qəbul etmək tövsiyə olunur.
Həkim əlavə edib ki, nəzarət olunmayan hipertoniyası və tez-tez ürək döyüntüsü yaşayan insanların qəhvədən imtina etməsi daha məqsədəuyğundur. O, xüsusilə yaz və payız aylarında atmosfer təzyiqinin dəyişməsi səbəbindən ehtiyatlı olmağın vacibliyini vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре