UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası Busan şəhərində işə başlayıb

Koreya Respublikasının Busan şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyası öz işinə başlayıb.

Day.Az xəbər verir ki, sessiyada Azərbaycan Respublikası Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunur.

Sessiyanın ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirib.

Milli bəyanatda səfir Elman Abdullayev Koreya Respublikasını Dünya İrs Komitəsinin 48-ci sessiyasına yüksək səviyyədə ev sahibliyi münasibətilə təbrik edərək, UNESCO-nun Dünya İrs Mərkəzinə və Məsləhətçi Orqanlara Konvensiyanın həyata keçirilməsi istiqamətində gördükləri işlərə görə təşəkkürünü bildirib.

Çıxış zamanı Azərbaycanın 1972-ci il Dünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyanın səmərəli icrasına sadiqliyi bir daha vurğulanıb. Bildirilib ki, ölkəmiz Dünya İrs Mərkəzinin fəaliyyətini bundan sonra da praktiki əməkdaşlıq vasitəsilə dəstəkləməyə davam edəcək.

Bəyanatda Azərbaycanın mədəni irsin qorunması sahəsində həyata keçirdiyi tədbirlər barədə də məlumat verilib. Qeyd olunub ki, yaxın zamanda qəbul edilmiş "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası mədəni irsin idarə olunması sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi, hüquqi mühafizəsinin gücləndirilməsi və tarixi abidələrin bərpası istiqamətində uzunmüddətli strateji çərçivə müəyyən edir.

Eyni zamanda, mina təhlükəsinin davam etdiyi ərazilərdə maneə və çətinliklərə rəğmən mədəni irs obyektlərinin inventarlaşdırılması və sənədləşdirilməsi işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.

Çıxışda həmçinin qeyd olunub ki, mədəni irsin qorunması istiqamətində həyata keçirilən bu tədbirlərin nəticəsi olaraq "Xınalıq xalqının mədəni landşaftı və Köç Yolu transhumans marşrutu" dünya irs ərazisinin tərkib hissəsi olan Xınalıq kəndi 2025-ci ildə BMT Turizm Təşkilatı tərəfindən "Ən Yaxşı Turizm Kəndləri" siyahısına daxil edilib.

Çıxışda 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunduğu qeyd olunaraq, Bakıda keçirilmiş XIII Ümumdünya Şəhərsalma Forumunda təqdimatı həyata keçirilmiş SECURE (Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsünün mədəni irsin qorunması, dayanıqlı inkişaf və bərpa proseslərinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb. Komitənin 48-ci sessiyası zamanı 23 iyul tarixində sözügedən təşəbbüsə həsr olunmuş tədbirin keçiriləcəyi bildirilib.

Səfir Elman Abdullayev Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə sadiq qaldığını vurğulayaraq, Dünya İrsi üzrə Afrika Strategiyasının və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) üzrə Dünya İrs Strategiyasının həyata keçirilməsinə dəstək veriləcəyini elan edib.

Bununla yanaşı, bəyanatda Azərbaycan tərəfindən hazırlanmış "Azərbaycan-SIDS Dünya İrsi Potensialının Gücləndirilməsi Proqramı" barədə məlumat təqdim olunub. Bildirilib ki, proqramın məqsədi kiçik ada dövlətlərində dünya irs sisteminin institusional potensialının gücləndirilməsi, ekspert hazırlığının dəstəklənməsi və gələcək nominasiya proseslərinin təşviq edilməsidir.

Çıxışının sonunda səfir Elman Abdullayev Azərbaycanın Dünya İrs Komitəsinin üzvü kimi bütün tərəf dövlətlər, UNESCO-nun Dünya İrs Mərkəzi və Məşvərətçi Orqanlarla sıx əməkdaşlıq edərək Konvensiyanın məqsədlərinin həyata keçirilməsinə, eləcə də daha balanslı, inklüziv və səmərəli dünya irs sisteminin inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.