CAMCA Forumunda yeni sazişlərin imzalanması gözlənilir
CAMCA Regional Forumu çərçivəsində bir sıra sazişlərin imzalanması nəzərdə tutulur və sazişlərin ümumi dəyəri ilə bağlı məlumat sabah açıqlana bilər.
Day.Az xəbər verir ki, bunu cümə axşamı CAMCA Şəbəkəsinin Direktorlar Şurasının sədri, CAMCA Şəbəkəsinin Azərbaycan üzrə milli koordinatoru Fuad Kərimov Bakıda keçirilən CAMCA Regional Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, CAMCA-nın əsas missiyası Mərkəzi Asiya, Monqolustan, Əfqanıstan və Qafqaz ölkələri arasında əlaqələrin və əməkdaşlığın inkişafına töhfə verməkdir.
"CAMCA-nın missiyası bu 10 ölkə arasında birlik və əməkdaşlıq üzərində çalışmaqdır. Bura Mərkəzi Asiya, Monqolustan, Əfqanıstan və Qafqaz ölkələri daxildir. Forum Azərbaycanda artıq ikinci dəfə keçirilir. İlk dəfə 2018-ci ildə Bakıda təşkil olunub. Bu gün isə artıq görürük ki, tədbirə maraq çox böyükdür", - deyə Fuad Kərimov bildirib.
Onun sözlərinə görə, builki forum ötən həftə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun davamı kimi də qiymətləndirilə bilər.
"Ötən həftə Azərbaycanda Beynəlxalq İnvestisiya Forumumuz keçirildi və deyərdim ki, bu tədbir müəyyən mənada onun davamıdır. Burada əsasən Mərkəzi Asiyadan - qardaş Özbəkistan və Qazaxıstandan, eləcə də digər Mərkəzi Asiya ölkələrindən nümayəndələr iştirak edir. Bu dəfə Azərbaycanda ABŞ-dan da böyük nümayəndə heyəti var", - deyə o qeyd edib.
Fuad Kərimov ABŞ-dən Azərbaycana yüksək səviyyəli səfərlərin və biznes nümayəndə heyətlərinin gəlməsinin də regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.
"İlin əvvəlində ABŞ-nin vitse-prezidenti də Azərbaycanda idi və ABŞ-dən nümayəndə heyəti, o cümlədən biznes nümayəndələri ölkəmizə gəlmişdi. Biz bunu həmin prosesin davamı kimi görürük", - deyə CAMCA Şəbəkəsinin Azərbaycan üzrə milli koordinatoru bildirib.
O, forum çərçivəsində bir sıra saziş və razılaşmaların əldə olunmasının gözlənildiyini deyib.
"Bəli, artıq bu həftə belə bir proses başlayıb. İlk olaraq ADA Universitetində müzakirələr keçirildi və proses bu gün və sabah da davam edəcək. Həmin müzakirələr yekunlaşdıqdan sonra nəticələri sabah izləyə bilərsiniz", - deyə Fuad Kərimov qeyd edib.
CAMCA Şəbəkəsinin Direktorlar Şurasının sədri imzalanacaq sənədlərin ümumi dəyərinin hələ dəqiqləşdirilmədiyini bildirib.
"Burada istiqamətlər fərqlidir. Təhsil sahəsində də, iqtisadiyyat sahəsində də əməkdaşlıq müzakirə olunur. Ona görə hesab edirəm ki, bu məsələyə sabah yekun aydınlıq gətirə bilərik", - deyə o əlavə edib.
Fuad Kərimov forumun iştirakçılara müxtəlif ölkələrin təcrübəsini öyrənmək baxımından da imkan yaratdığını vurğulayıb.
"Burada əsas məqsəd yeni tərəfdaşlarla tanış olmaq, yeni islahatlarla tanış olmaqdır. Söhbət təkcə Azərbaycanın təcrübəsindən getmir. Ümumilikdə Mərkəzi Asiya ölkələrinin təcrübəsi ilə də tanış olmaq imkanı əldə edirik", - deyə o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре