"Barcelona"nın ən bahalı 10 transferi

Day.Az представляет новость на азербайджанском языке:

Son illərdə yüksəliş dövrünü yaşayan "Barcelona" bir sıra transferlərlə də diqqət mərkəzinə düşməyi bacarır. Goal.az katalon klubunun tarixindən ən bahalı 10 transferi təqdim edir. Sıralama yuxarıdan-aşağıya hesablanır.
 

10. Dmitri Çiqrinski - 22.5 milyon funt (Shakhtar). Ukraynalı müdafiəçi 2009-cu ilə kimi "Shakhtar" klubunun heyətində 2 qat ölkə çempionu, UEFA kubokunun sahibi olmuşdu. Məhz UEFA kubokunda nümayiş etdiydiyi etibarlı oyun onu Avropa nəhənglərinin maraq dairəsinə salmışdı. Həmin vaxt "Barcelona" müdafiənin dirəyi sayılan Karles Puyolun zədələnməsi səbəbindən təcili müdafiəçi axtarışına çıxmışdı. Katalonların baş məşqçisi Xosep Qvardiola Çiqrinskini seçsə də, ukraynalı futbolçu əsas heyətə düşə bilmədi və 2010-cu ildə yenidən Donetsk təmsilçisinə qayıtdı.
 

9. Aleksis Sançez - 23 milyon funt (Udinese). Sançez 2011-ci ildə "Barcelona"ya transfer olunmaqla katalon klubunun ilk çilili futbolçusu oldu. Burada 3 mövsüm keçirdikdən sonra isə karyerasında Premyer Liqa səhifəsini açdı.
 

8. Dani Alves - 23.5 milyon funt (Sevilla). 2008-ci ildə Canluka Zambrotta İtaliya A Seriyasına geri döndü və onun mövqeyinə Dani Alves gətirildi. "Barca"da 7 mövsüm keçirən müdafiəçi bütün mümkün titulları qazandı. 2014/15 mövsümünün sonunda isə Alves klubla müqaviləsini yenilədi.
 

7. Arda Turan - 23.8 milyon funt (Atletico Madrid). Türk futbolçu baş məşqçi Luis Enrikenin şəxsi istəyi ilə heyətə cəlb olundu. Komandanın ötən mövsümü "Qızıl het-trik"lə başa vurmasından sonra onun qərarlarına şübhə edən yoxdur. Arda "Atletico"da keçirdiyi 4 il ərzndə İspaniya çempionu, İspaniya kuboku və Superkuboku, Avroliqa kuboku və UEFA Superkubokunu qazanıb.
 

6. Mark Overmars - 25 milyon funt (Arsenal). 2000-ci ildə "Barcelona"ya transfer olunan holland yarımmüdafiəçi Kataloniyada iki fərqli mövsüm keçirdi. İlk mövsümündə komandanın həlledici oyunlarında fəallıq göstərən Overmars 8 qolun müəllifi oldu. Növbəti il zədələnən futbolçu qeyri-stabil çıxış etdi. Məhz aldığı zədlər onun 2004-cü ildə futboldan getməsi ilə nəticələndi.
 

5. David Vilya - 25.2 milyon (Valencia). 2010-cu ildə katalon klubuna gəlməzdən öncə istedadlı hücumçu 5 mövsüm "Valencia" forması ilə oynamışdı. O, "Barcelona"da öz məhsuldarlığı ilə seçilən hücumçulardan idi. 2012-ci ildə zədələnən Vilya bu səbəbdən Avropa çempionatının da buraxmalı oldu. 2014 mundialından sonra isə İspaniya millisində çıxışını dayandıran forvard MLS-ə yollandı.
 

4. Sesk Fabreqas - 35 milyon funt (Arsenal). Əslində Fabreqas "Barcelona"nın öz yetirməsi idi. "Arsenal"da parlaq oyun göstərən yarımmüdafiəçini çox sevir və əldən buraxmaq istəmirdilər. Lakin Fabreqas "Barcelona"ya qayıtmaq üçün bütün maneələri aşa bildi və 2011-ci ildə 35 milyon funta doğma klubuna qoşuldu. Lakin əsas heyətin aparıcı üzvünə çevrilə bilməyən oyunçu 3 illik fasilədən sonra yenidən Londona geri döndü. Bu dəfə Sesk "Chelsea"nin formasını geydi.
 

3. Neymar - 48.5 milyon funt (Santos). "Santos"da xariqələr yaradan braziliyalı hücumçu "Real Madrid"in də diqqətini cəlb etmişdi. Lakin daha qətiyyətli olan "Barca" 2013-cü ildə Neymarı heyətə qata bildi. İlk mövsümündə istənilən səviyyədə çıxış edə bilməyən forvard daha sonra adaptasiya ilə bağlı problemləri geridə qoydu və özünü yaxşı tərəfdən göstərdi.
 

2. Zlatan İbrahimoviç - 60 milyon funt (Barcelona). 2009-cu ildə Samuel Eto`onu "İnter"ə göndərən "Barca" 40 milyon funt ödəməklə "nerazzuri"dən İbrahimoviçi komandaya gətirmişdi. Lakin Xosep Qvardiola ilə soyuq münasibətləri olan isveçli ulduz qısa müddət sonra İtaliyaya qayıtdı.
 

1. Luis Suarez - 75 milyon funt (Liverpool). Uruqvaylı hücumçu katalonların ən bahalı transferidir. Ötən mövsüm "Liverpool"dan "Barcelona"ya gələn Suarez FİFA tərəfindən verilən məlum cəza səbəbindən oktyabra qədər meydana çıxmadı. La Liqada ilk dəfə "El Clasico"da meydana çıxan futbolçu məhsuldar ötürmənin müəllifi olmuşdu.