Lyayenin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu göstərir - Soltan Məmmədov
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu göstərir.
Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, bu səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan Avropa ilə Asiya arasında etibarlı siyasi dialoqun, nəqliyyat-kommunikasiya əlaqələrinin və iqtisadi əməkdaşlığın əsas dayaqlarından biridir:
"Müasir mürəkkəb geosiyasi şəraitdə enerji təhlükəsizliyi, dayanıqlı logistika marşrutları, yaşıl enerji qlobal gündəliyin prioritet istiqamətlərinə çevrilib. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl siyasət və irimiqyaslı infrastruktur layihələri ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı regionda etibarlı və uzunmüddətli tərəfdaş kimi qiymətləndirir və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlıdır. Bu isə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin uzunmüddətli perspektivdə daha da dərinləşəcəyinə, regionda sabitliyin, iqtisadi inteqrasiyanın və dayanıqlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əsas verir".
Soltan Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfəri zamanı verdiyi bəyanat Azərbaycanın xarici siyasət prioritetlərini, strateji baxışını və beynəlxalq əməkdaşlığa yanaşmasını aydın şəkildə ortaya qoydu:
"Xüsusilə enerji əməkdaşlığının yeni məzmun qazanması, bərpaolunan enerji mənbələrinin inkişafı, Orta Dəhlizin strateji əhəmiyyətinin artması kimi məsələlərin ön plana çıxması tərəfdaşlığın artıq daha geniş və çoxşaxəli xarakter aldığını göstərir. Bununla yanaşı Azərbaycan son illər ərzində regionda etimad mühitinin gücləndirilməsi istiqamətində ardıcıl və konstruktiv siyasət həyata keçirir. Rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək məqsədilə ardıcıl addımlar atır. Bu baxımdan Ermənistanla tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji daşıyıcılarının tədarükünə başlanılması ölkəmizin sülhə sadiqliyinin konkret ifadəsidir. Bu yanaşma göstərir ki, Azərbaycan sülhü yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla reallığa çevirmək niyyətindədir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре