"WhatsApp"-da YENİLİK: Onlayn olanlar yaşıl nöqtə ilə

"WhatsApp" messenceri istifadəçilərin tətbiqdə aktiv olub-olmadığını daha rahat müəyyən etməsi üçün yeni göstərici üzərində işləyir.

Day.Az xəbər verir ki, məlumata görə, platforma hazırda onlayn istifadəçiləri profil şəklinin üzərində görünən kiçik yaşıl işarə vasitəsilə göstərən funksiyanı beta mərhələsində sınaqdan keçirir.

Əvvəlcə "Android" əməliyyat sistemi üçün beta versiyasında istifadəyə verilən bu yenilik artıq "iOS" beta istifadəçiləri üçün də əlçatan olub.

Yeni sistemə əsasən, istifadəçi tətbiqdə aktiv olduğu müddətdə profil fotosunun aşağı sağ küncündə yaşıl dairə görünəcək. Şəxs tətbiqdən çıxdıqda və ya aktiv olmadıqda həmin göstərici avtomatik olaraq yox olacaq.

Şirkət vurğulayıb ki, bu yenilik istifadəçilərin məxfilik seçimlərinə təsir göstərməyəcək. Onlayn statusunu və "son görülmə" məlumatını gizlədən şəxslərin yaşıl göstəricisi digər istifadəçilər üçün görünməyəcək.

Hazırkı mərhələdə funksiya yalnız məhdud sayda beta proqramı iştirakçılarının istifadəsinə təqdim edilib. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt aktivləşdiriləcəyi barədə isə hələlik rəsmi tarix açıqlanmayıb.