Yeni EPİDEMİYA

Sudanın Qərbi Kordofan əyalətində vəba epidemiyası ciddi narahatlıq yaratmağa davam edir. Xəstəliyin yayılması nəticəsində azı 30 nəfərin öldüyü bildirilir.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 20-dən etibarən Qərbi Kordofanın Vad Banda və Ən-Nehud rayonları, eləcə də yaxın yaşayış məntəqələrində yoluxmaların sayı sürətlə artmağa başlayıb.

İndiyədək bölgədə təxminən 800 nəfərin vəbaya yoluxduğu, onlardan 30-nun isə həyatını itirdiyi qeyd olunur.

Vəziyyətlə bağlı açıqlama verən Dar Hamar Təcili Yardım Komitəsi beynəlxalq humanitar təşkilatlara və səhiyyə qurumlarına təcili dəstək çağırışı edib. Komitə xəstəliyin qarşısının alınması üçün dərman vasitələrinin, venadaxili məhlulların və digər tibbi ləvazimatların bölgəyə operativ şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, Sudan Səhiyyə Nazirliyinin iyunun 30-da açıqladığı rəsmi statistikaya görə, Qərbi və Şimali Kordofan əyalətlərində ümumilikdə 911 vəba yoluxması aşkarlanıb, 127 nəfərin isə xəstəlik səbəbindən öldüyü qeydə alınıb.

Xatırladaq ki, 2023-cü ilin aprel ayından etibarən Sudan ordusu ilə Çevik Müdaxilə Qüvvələri (RSF) arasında davam edən silahlı qarşıdurma ölkədə humanitar böhranı daha da dərinləşdirib. BMT-nin qiymətləndirməsinə əsasən, münaqişə nəticəsində on minlərlə insan həlak olub, milyonlarla sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Eyni zamanda, ölkənin geniş ərazilərində əhali ciddi ərzaq çatışmazlığı və aclıq riski ilə üzləşib.