Sosial şəbəkələrdəki məhdudiyyətin məqsədi uşaqların psixi sağlamlığına mənfi təsirləri azaltmaqdır – ŞƏRH
Azərbaycanda uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində 16 yaşadək şəxslərin sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması nəzərdə tutulur.
Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.
Deputat bildirib ki, ölkədə uşaqların zərərli informasiyadan qorunması və onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik mexanizmi artıq mövcuddur. Onun sözlərinə görə, Azərbaycan bu sahədə beynəlxalq konvensiyalara qoşulub, 1998-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun qəbul edilib, 2018-ci ildə isə uşaqların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun qəbul olunaraq 2020-ci ildən qüvvəyə minib.
H.Hüseynova qeyd edib ki, hazırda İnzibati Xətalar Məcəlləsində uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün cərimə sanksiyaları nəzərdə tutulur. O xatırladıb ki, Milli Məclisin ötən payız sessiyasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna uşaqları jarqon, qeyri-əxlaqi ifadələr, narkotik vasitələr, psixotrop maddələr və alkoqolu təbliğ edən informasiya axınından qorumaq məqsədilə mühüm əlavə və dəyişikliklər edilib. Deputat bu dəyişikliklərin yeniyetmə və gənclərin zərərli informasiyadan qorunmasına imkan yaratdığını vurğulayıb.
Komitə sədri bildirib ki, müxtəlif informasiya resursları və sosial şəbəkələrdən istifadə artıq günümüzün reallığıdır. Lakin internet və müasir texnologiyaların müsbət tərəfləri ilə yanaşı, insanların davranışına, düşüncəsinə, xüsusilə uşaqların sosial inkişafına mənfi təsir göstərən cəhətləri də mövcuddur. Onun sözlərinə görə, sosial şəbəkələrdə etikaya və əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə və dünyagörüşünə mənfi təsir göstərir, onları təhsildən yayındırır, zərərli vərdişlərə aludə edir, aqressiv davranışlara və nəticədə qanunazidd hərəkətlərə sövq edir. Deputat əlavə edib ki, mediada bu cür hadisələr barədə tez-tez məlumatlara rast gəlinməsi qanunvericiliyin daha da gücləndirilməsini zəruri edir.
H.Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" sərəncamı da məhz bu zərurətdən irəli gəlib. O bildirib ki, sənədə əsasən, uşaqları rəqəmsal mühitdə zərərli təsirlərdən qorumaq məqsədilə sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, məktəblərdə elektron cihazlardan istifadə qaydalarının müəyyənləşdirilməsi və kibertəhlükəsizlik üzrə tədrisin təşkili nəzərdə tutulur. Bununla yanaşı, Nazirlər Kabineti və aidiyyəti qurumlar tərəfindən uşaqların onlayn təhlükəsizliyini təmin edən hüquqi və texnoloji mexanizmlərin təkmilləşdirilməsi istiqamətində işlər görülür.
Deputatın sözlərinə görə, uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılıb-məhdudlaşdırılmaması 2024-2025-ci illərdən başlayaraq hazırkı dövrdə rəqəmsal siyasətin ən çox müzakirə olunan mövzularından biridir. O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində hökumətlər yetkinlik yaşına çatmayanları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və psixi sağlamlığa mənfi təsirlərdən qorumaq üçün yaş məhdudiyyətlərindən birbaşa qadağalara qədər müxtəlif tədbirlər həyata keçirirlər. H.Hüseynova bildirib ki, Avropanın bir sıra ölkələrində, ABŞ-də, Çində artıq bu sahədə təcrübə formalaşıb, Türkiyədə isə Böyük Millət Məclisi tərəfindən 15 yaşına çatmamış uşaqların sosial media şəbəkələrindən istifadəsinə qadağa qoyulması barədə qərar qəbul edilib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı müxtəlif ictimai müzakirələrdə, eləcə də Milli Məclisdə dövlət qurumlarının, deputatların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dinləmələrdə fikir və təkliflər səsləndirilib.
Komitə sədri bildirib ki, Azərbaycanda da uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması məqsədilə 16 və ya 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması mümkündür. Onun sözlərinə görə, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsinə çevrildiyi şəraitdə uşaqların psixoloji sağlamlığının qorunması üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir.
H.Hüseynova vurğulayıb ki, bu tədbirlər sosial şəbəkə platformaları üçün də əlavə məsuliyyət yaradır və azyaşlıların kiberzorakılıqdan, mənfi məzmundan və psixoloji fəsadlardan qorunması baxımından zəruridir. Eyni zamanda, təhsil, rəqəmsal savadlılıq və zərərin minimuma endirilməsinə əsaslanan alternativ yanaşmaların uzunmüddətli perspektivdə daha davamlı nəticələr verə biləcəyini qeyd edib.
Deputat xatırladıb ki, artıq İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul edilib.
"Bu əlavə və dəyişikliklərin əsas məqsədi uşaqları qorumaq, onların hüquqlarını müdafiə etmək, övladlarımızın fiziki, mənəvi və psixi sağlamlığına mənfi təsirləri azaltmaq, təhlükəsizliyini təmin etməkdir", - deyə o bildirib.
H.Hüseynovanın sözlərinə görə, dəyişikliklərə əsasən yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən ediləcək. O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində qanun pozuntularına görə müvafiq cərimələr nəzərdə tutulub və əsasən sosial şəbəkə platformalarının qanunvericiliyin tələblərini yerinə yetirməməsinə görə vəzifəli və hüquqi şəxslər üçün müxtəlif məbləğlərdə cərimələr tətbiq olunacaq.
Deputat bildirib ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslər uşaq hesab olunur. Buna görə də qanunvericilikdə 16 yaşadək və 16-18 yaş arası uşaqlara fərqli yanaşma seçilib. Belə ki, 16 yaşadək uşaqların sosial şəbəkə platformalarında hesab yaratmasına yol verilməyəcək, 16-18 yaş arasında olan şəxslər isə bunu yalnız valideyn icazəsi ilə edə biləcəklər.
O əlavə edib ki, qanun 12 aydan sonra qüvvəyə minəcək. Bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısı müəyyənləşdiriləcək, maarifləndirmə və məlumatlandırma tədbirləri keçiriləcək, təlimlər təşkil olunacaq və texniki həllər seçiləcək.
H.Hüseynova vurğulayıb ki, uşaqların müdafiəsi hər bir cəmiyyət üzvünün mənəvi və sosial məsuliyyətidir.
"Bəzən düşünürük ki, uşaq evdədir, qonşu otaqda kompüter arxasında və ya telefonla vaxt keçirir. Amma bu, övladımızın hər hansı təsirdən və ya təhlükədən uzaq olması demək deyil. Təhlillər göstərir ki, ekran qarşısında saatlarla hərəkətsiz qalmaq, yaşa uyğun olmayan məzmunlara baxmaq uşaqlarda psixoloji gərginliyi artırır, qeyri-adi davranışlara, müxtəlif zərərli vərdişlərə, valideynlərə, yaşıdlarına və ətrafdakılara qarşı kobud münasibətə, itaətsizliyə, hətta intihara sövq edilmə kimi hallara gətirib çıxara bilir. Bu isə həm uşaqların həyatında, həm də cəmiyyətdə ciddi fəsadlar yaradır", - deyə deputat bildirib.
Komitə sədri qeyd edib ki, hazırda əsas məsələ sosial şəbəkələri qadağan edib-etməmək deyil, uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə imkanlarından məhrum etmədən onları real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin yaradılmasıdır.
"Bu səbəbdən valideynlər və sosial şəbəkə platformaları uşaqların rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət etməli və onların zərərli təsirlərdən qorunmasına görə məsuliyyət daşımalıdırlar", - deyə H.Hüseynova əlavə edib.

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре