Uşaqlar aqressiyanı ən çox analarına göstərirlər

Psixoloq Aleksandra Qrajdanın sözlərinə görə, uşağın anasını vurması və ya ona qarşı aqressiv davranması sevgisizlikdən deyil, emosional gərginliyi idarə edə bilməməsindən qaynaqlanır. Mütəxəssis bildirir ki, azyaşlılarda emosiyaları və impulsları idarə edən beyin nahiyəsi hələ tam inkişaf etmədiyi üçün bu cür davranışlar müşahidə oluna bilər.

Day.Az xəbər verir ki, psixoloqun fikrincə, uşaqlar ən çox güvəndikləri insana, adətən analarına qarşı emosiyalarını daha rahat ifadə edirlər. Bu səbəbdən aqressiv reaksiyalar da daha çox ana ilə ünsiyyət zamanı baş verir.

Mütəxəssis valideynlərə belə hallarda qışqırmaq və ya uşağı görməzdən gəlmək əvəzinə sakit, anlayışlı və qətiyyətli davranmağı tövsiyə edib. Onun sözlərinə görə, əsas məqsəd uşağa emosiyalarını sağlam şəkildə ifadə etməyi və idarə etməyi öyrətməkdir.