Avropada 14 minə yaxın insan istidən öldü

İyun ayının ikinci yarısında Avropada müşahidə olunan ekstremal isti hava şəraiti ən azı 14 min insanın həyatına son qoymuş ola bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin apardığı qiymətləndirmə istilərdən ən çox əziyyət çəkən altı ölkənin - Fransa, Belçika, Almaniya, Niderland, İspaniya və Böyük Britaniyanın artıq ölüm halları ilə bağlı ilkin məlumatlarına əsaslanır.

Ümumilikdə bu ölkələrdə qeydə alınan ölüm göstəricisi artıq 14 min nəfəri ötüb. Bu rəqəm ən yüksək Almaniyada (6.8 min nəfər) qeydə alınıb. 

Bir müddət əvvəl Avropa Ölüm Hallarının Monitorinqi Mərkəzi ("EuroMOMO") Avropa İttifaqına (Aİ) üzv olan bütün - 27 ölkə üzrə ümumi məlumatları təqdim edib. Qurumun məlumatına əsasən, 22-28 iyun tarixlərində bütün ölkələr üzrə artıq ölüm halları 10.6 min nəfər təşkil edib.