Direktor vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başlayır
Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, avqustun 18-də saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq:
"Namizədlər 21 avqust saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə keçiriləcək və seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər qaydalara uyğun olaraq ardıcıllıq əsasında müsahibəyə dəvət olunacaqlar.
Müsahibə Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər".
Qeyd edilib ki, hər bir namizəd müsabiqənin nəticələri ilə "Şəxsi səhifə" vasitəsilə tanış ola biləcək.
"Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək", - deyə məlumatda bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре