Süni intellekt və sosial media həqiqətin üzə çıxarılmasını çətinləşdirir – Hikmət Hacıyev
Süni intellekt və sosial media həqiqətin müəyyənləşdirilməsini çətinləşdirir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının "Sülh dili və dezinformasiya ilə mübarizə" mövzusunda xüsusi sessiyasında deyib.
Prezidentin köməkçisi qeyd edib ki, dezinformasiya və misinformasiya yeni fenomen olmasa da, artıq hibrid strategiyanın bir hissəsinə çevrilir. Onun sözlərinə görə, bu məsələyə fundamental prinsiplər çərçivəsində yanaşılmalıdır.
"Beynəlxalq hüququn qaydaları təsbit olunarkən ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipi fiziki müdaxiləni nəzərdə tuturdu. İndi isə fiziki müdaxilə olmadan da ölkənin daxili işlərinə müdaxilə etmək mümkündür. Buna görə də həmin prinsipə yenidən baxılmalıdır", - deyə H.Hacıyev bildirib.
O vurğulayıb ki, Azərbaycana qarşı dezinformasiyanın qarşısını almaq üçün müvafiq sistem qurulub.
"CNN-in bu yaxınlarda ölkəmizə qarşı yaydığı xəbərlə bağlı beynəlxalq məhkəməyə müraciət etmişdik", - deyə Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev süni intellektin də dezinformasiyada rol oynadığını bildirib. O əlavə edib ki, mediadan düzgün istifadə edilməməsi, yaxud məlumatların qlobal gündəmə yanlış şəkildə təqdim olunması Cənubi Qafqazda sülh prosesinə mənfi təsir göstərə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре