Kiprdə Azərbaycan bayramı

Day.Az представляет новость на азербайджанском языке

Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələr 28 May - Respublika Günü ilə bağlı bayram tədbiri təşkil edib. Kipr Beynəlxalq Universitetində (KBU) baş tutan bayram tədbirində təhsil ocağının müəllimləri və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) üzvləri, eləcə də çox sayda xarici tələbə iştirak edib.

Cəmiyyətdən Milli.Az-a verilən məlumata görə, tədbirdə Kipr Beynəlxalq Universitetinin prorektoru, professor Əhməd Adalıər iki qardaş ölkə arasında dərin mənəvi bağlar olduğuna diqqət çəkib. O, Şimali Kiprdə oxuyan tələbələrin özlərini vətəndəki kimi hiss etdiklərini qeyd edib və buna görə də universitetin azərbaycanlı tələbələrin ictimai işlərdə də fəal iştirak etdiyini vurğulayıb. Professor çıxışının sonunda Kipr Beynəlxalq Universitetinin akademik mühitində uğurları və vətənpərvərliyi ilə seçilən azərbaycanlıların bu bayramını ürəkdən təbrik edib. Hər zaman Azerbaycanı doğma və qardaş ölkə kimi qəbul etdiklərini dilə gətirən Ə.Adalıər gələcəkdə KBU ilə Azərbaycan universitetləri arasında əməkdaşlığa da xüsusi maraqla yanaşacaqlarını bildirib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu isə çıxışında son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin hər gün daha çox tanındığını bildirib. Diaspor rəhbəri bu sahədə görülən ciddi işlərin artıq bəhrə verdiyini, Azərbaycanın beynəlxalq həcmli tədbirlərə ev sahibliyi etdiyini bildirib.

Daha sonra tədbir tələbələrin ifasında müxtəlif musiqi nömrələri ilə davam etdirilib. Sonda Kipr Beynləlxalq Universiteti tərəfindən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə sertifikat təqdim olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.