"Azərbaycanın vurduğu qola görə şadam"

Day.Az представляет новость на азербайджанском языке

"Oyunumuzun pis alındığını deməzdim. Amma qələbə qazansaq da, səhvlərimiz oldu".

Day.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan çexlər 2:1 hesablı qələbə qazanıblar. Matçdan sonra mətbuat konfransı keçirən Yarolim qalibiyyəti şərh edib: "Rəqibin gücünü xüsusilə ikinci hissədə hiss etdik. Azərbaycan yığmasının müdafiə xəttinin daha inamlı olduğunu dünən demişdim və bunu futbolçularıma bildirmişdim".

- Azərbaycan yığması gözlədiyiniz oyunu sərgilədimi?

- Müdafiə xəttində gözlədiyim kimi çıxış etdilər. Rəqibin oyununu yüksək qiymətləndirirəm.

- Çexiya millisindəki işinizi necə qiymətləndirirsiz?

- Bunlar şəxsi nüanslardı. İndi bu barədə danışmaq istəmirəm. Yığmadakı aqibətimi gələcək göstərəcək.

- Hazırkı qrup əvvəlki Çexiya yığması üçün çox asan olardı. Amma siz dünya çempionatına vəsiqə əldə edə bilmədiz. Çexiya futbolunda Baroş, Çex və Rositski kimi futbolçuların yerini doldura bilməməyinizin səbəbi nədi?

- Komandamızda kifayət qədər dəyişikliklər baş verib. Ostravadakı görüşlə müqayisə etsək, demək olar ki, eyni heyətdi. Sadəcə, bəzi futbolçular arada zədəli olublar. Gələcəkdə yeni oyunçuları da dəvət etmək fikrimiz var.

- Bundan əvvəlki 2 matçda Çexiya yığması millimizə qalib gələ bilməmişdi. Bu mənada, Azərbaycan yığmasını məğlub edən ilk çexiyalı məşqçi oldunuz...

- Bu haqda düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.

 

- Daridanın oyununu necə qiymətləndirirsiz?

- Oyunu Çexiyada təhlil edəcəyik. Ümumilikdə, onun çıxışını kafi qiymətləndirirəm.

- Mundialın final mərhələsinə çıxmaq şansınızdan istifadə edə bilmədiniz...

- Həmişə daha yaxşı nəticəyə imza atmağa çalışıram. Ostravadakı matçla müqayisədə, bu gün yaxşı oynadıq və qələbə qazandıq. Ən çox ilk ev oyunlarımızda heç-heçə etməyimizə təəssüflənirəm.

- Yığmamızın qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubunda çıxış edir. Onun oyununu necə dəyərləndirirsiz və Kamranı milliyə layiq qolkiper sayırsızmı?

- Milliyə layiq olub-olmadığını demək istəmirəm. Bunu Azərbaycan yığmasının baş məşqçisi bilər. Onu əvvəlki oyunumuzda görmüşəm. Bundan əlavə, "Mlada Boleslav"dakı bir oyunu haqda da eşitmişdim. Deyəsən, həmin görüşü yaxşı keçirməmişdi.

- Azərbaycan yığmasının penalti qazandığı epizodda çexiyalı müdafiəçilərin diqqəti sanki yayınmışdı. O epizod haqda fikriniz necədi?

- Komanda haqsızlıq hiss edəndə söz-söhbətlər yaranır. Buna baxmayaraq, mən rəqibin vurduğu qola görə şadam. Çünki həmin qolun cavabını vaxtında verdik və qalib gəldik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.