“Qazlı içkilər və “fast food” böyrəklərdə daş yaradır” – Uroloqdan xəbərdarlıq
Day.Az представляет новость на азербайджанском языке
"Ən çox rast gəlinən xəstəliklərdən biri böyrək daşı problemidir. Gün ərzində təcili yardıma edilən müraciətlər arasında böyrək daşı ağrıları xüsusi yer tutur. Çünki böyrək daşı ağrıları özfəaliyyət şəklində qəbul olunan ağrıkəsicilərə tabe olmayan ağrılardır".
Day.Az APA-ya istinadən xəbər verir ki, bunu urologiya üzrə mütəxəssis, Mərkəzi Kliniki Xəstəxananın Urologiya şöbəsinin müdiri Elbəyi Daşdəmirli deyib.
Elbəy Daşdəmirli böyrək daşlarının yaranma səbəbləri barədə danışarkən bunun konkret bir yox, bir çox faktorlarla bağlı olduğunu deyib.
Onun sözlərinə görə, böyrək daşlarının əmələ gəlməsinə səbəb olan əsas amillər gündəlik çox duz qəbulu, qida rasionunda qırmızı, qızardılmış ətə çox yer ayrılması və ən əsası suyun az qəbul olunmasıdır.
Mütəxəssis bildirib ki, böyrəklərdə daş varsa, ağrının nə zaman tutacağı bəlli deyil, bu, hər an təcili vəziyyət yarada biləcək bir haldır. Uzun müddət nəzarətsiz qalan böyrək daşları hətta böyrəklərin itirilməsinə də səbəb olur: "Daş varsa, öz-özünə düşməsi mümkün deyilsə, həkim tərəfindən xaric olunmalıdır. Əks halda gec-tez orqan üçün problem törədəcək".
Həkim onu da deyib ki, son zamanlar uşaq və yeniyetmələrdə də böyrək daşlarına rast gəlinir, böyrək daşlarına rastgəlmə tezliyi artıb: "Biz düşünürük ki, bu, daha çox qızardılmış, fast-food qidalara, qazlı, rəngli içkilərə üstünlük verilməsi nəticəsində baş verir. Bu tip qidalardan uzaq durmaq, erkən yaşlardan başlayaraq gündəlik su içmə vərdişi yaratmaqla daş yaranma riskinin qarşısını almaq olar. Su qədər daşın yaranması, təkrar meydana gəlməsinin qarşısını ala bilən ikinci vasitə hələlik yoxdur. Su qəbulunu alışqanlıq səviyyəsində etmək lazımdır".
E.Daşdəmirli böyrəklərdə rast gəlinən onkoloji xəstəliklərə də toxunub. Uroloq deyib ki, şişlər böyrək daşlarından sonra ən çox rast gəlinən problemdir və bu hallar ağrılarla müşahidə edilmir, çox zaman təsadüfü müayinə zamanı aşkarlanır: "Bu problemlər bəzən sidikdə qanın yaranması ilə də özünü büruzə verə bilər. Böyrəklərin onkoloji xəstəliklərində alternativ müalicə yox səviyyəsindədir. Demək olar ki, şüa və kimyəvi dərman müalicəsi olunmur. Bəsit cərrahi əməliyyatlarla böyrəyi qorumaq mümkündür. Amma bu, şişlər kiçik ölçüdə olanda, erkən dövrdə mümkündür".
Onun sözlərinə görə, ölçülər kiçikdirsə və böyüməyə meylli deyilsə, xoş xassəli şişlərdə əməliyyata ehtiyac olmur.
E. Daşdəmirli böyrəklərin müayinəsi, müalicə üsulları, əməliyyatlar, böyrək daşlarının müalicəsində xalq təbabətinin, bitkilərin rolu, yanlış müalicələr, dərmanların, eləcə də antibiotiklərin böyrəklərdə yaratdığı problemlər barədə də bir çox sualları cavablandırıb, tövsiyələr verib. Daha ətraflı videodan izləyə bilərsiniz.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре