Azərbaycan Könüllü Təşkilatları İttifaqı 28 May - Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər keçirib

Könüllülər arasında vətənpərvərlik ruhunu gücləndirmək, milli ənənələri yaşatmaq və onları gələcək nəsillərə aşılamaq məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər keçirilib.

Day.Az bildirir ki, bunu Trend-ə AKTİ-dən Trend-ə bildirilib.

Əvvəlcə Azərbaycan könüllüləri Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə tər güllər qoyublar.

Sonra AKTİ-yə üzv könüllü təşkilatlarının rəhbərləri İstiqlal Bəyannaməsi abidəsini ziyarət edərək, onun önünə gül dəstələri düzüblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən "Milli Kimlik" İdeoloji Hazırlıq Proqramının növbəti görüşü 28 May - Müstəqillik Gününə həsr edilib. Görüş Milli Məclisin deputatı Nigar Məmmədovanın təqdimatında "28 May - Suverenliyə aparan yol" mövzusunda olub. N.Məmmədova Azərbaycanın müstəqillik tarixi, dövlət suverenliyinin qorunmasının əhəmiyyəti barədə məlumat verib. Könüllülərin milli kimlik və vətəndaş məsuliyyəti ilə yetişməsinin vacibliyini vurğulayan deputat onların ölkənin gələcəyində əsas aparıcı qüvvə olduğunu qeyd edib.

Azərbaycan könüllülərinin Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Heydər Əliyev muzeyinə və Milli Azərbaycan Tarixi muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyalar zamanı könüllülər Ulu Öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyəti, uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotoşəkillər, sənədlər və materiallarla, həmçinin Azərbaycan tarixinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla tanış olub, ətraflı məlumat əldə ediblər.

28 May - Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk edilib, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan gündür. Atılan mühüm addımlar sayəsində Azərbaycanın könüllüləri dərin tarixi köklərdən güc alaraq azad düşüncəli, milli ruhlu fərdlər kimi formalaşırlar. Onlar Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, əcdadlardan miras qalan milli dəyərləri qorumağa və onları gələcək nəsillərə şərəflə ötürməyə hazırdırlar.