Fuad Muradov İrlandiyada diaspor əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Dünyada qabaqcıl təcrübələri ilə tanınan İrlandiya diasporunun qazandığı uğurlar və tətbiq etdiyi innovativ yanaşmalar digər ölkələrin diaspor qurumları üçün geniş təcrübə mübadiləsi imkanları yaradır, ölkənin beynəlxalq əlaqələrdə, eləcə də diaspor fəaliyyətində nümunəvi rolunu nümayiş etdirir. Bu baxımdan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İrlandiya Respublikasına səfəri və burada bir sıra rəsmilərlə görüşlər keçirməsi ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsi və diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Day.Az xəbər verir ki, İrlandiya Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan İrlandılarla İş Departamentinin direktoru Karl Gardner ilə keçirilən görüşdə Azərbaycan və İrlandiya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin tarixi müzakirə olunub, bu əlaqələrin daha da inkişafında diasporun roluna xüsusi diqqət yetirilib.
Komitə sədri göstərilən qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin dünya azərbaycanlılarının həmrəyliyini möhkəmləndirməklə yanaşı, müasir Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına da əvəzsiz töhfələr verdiyini vurğulayıb. Xaricdə yaşayan azərbaycanlıların, o cümlədən İrlandiyadakı soydaşlarımızın ölkəmizin imicinin yüksəldilməsində və mədəniyyətimizin təbliğində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni nəsil azərbaycanlılara yönəlik genişmiqyaslı layihələri Azərbaycanın dünya səviyyəsində nüfuzunun və təsir imkanlarının artmasına, ölkəmizi gələcəkdə dünya miqyasında təmsil edə biləcək daha güclü bir icmanın formalaşdırılmasına yönəlib.
Azərbaycan diasporunun çoxşaxəli fəaliyyətinə dair geniş məlumat alan Karl Gardner, xüsusilə xaricdəki Azərbaycan Evleri və bu evlərin nəzdindəki həftəsonu Azərbaycan məktəblərinin təcrübəsinin öyrənilməsinin vacibliyini söyləyib.
Tərəflər müzakirələrin sonunda Azərbaycan və İrlandiya diasporunun gələcək inkişaf perspektivləri barədə faydalı nəticələrin əldə ediləcəyinə əminliklərini bildiriblər.
Daha sonra İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş baş tutub və diaspor sahəsində ortaq layihələrin həyata keçirilməsi imkanları, eləcə də strateji əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti müzakirə olunub.
Görüşdə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu qorumaq, onları vahid platformada birləşdirmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə aparılan uğurlu işlərin nəticələrindən danışılıb. Qeyd edilib ki, Azərbaycan icmasının İrlandiyada fəaliyyəti və ölkəmizə dost münasibəti bəsləyən irlandlılarla qurulan güclü əlaqələr daim diqqət mərkəzində saxlanılır.
Toni Makkormak isə ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini və bu prosesdə diasporun mühüm rol oynadığını qeyd edib. O, bu ilin aprel ayında Azərbaycana səfərini xatırlayaraq, Zəfər Parkına, həmçinin Şuşa və Xankəndi şəhərlərinə etdiyi ziyarətlərin ona böyük təsir bağışladığını ifadə edib.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının İrlandiya Respublikasındakı fəxri konsulu Terri Leyden Azərbaycana olan dərin sevgisini bildirərək, ölkəmizin müstəqillikdən sonra əldə etdiyi böyük uğurları vurğulayıb. İrlandiya Parlamentinin üzvləri ölkəmizə dost münasibətlərini bildirib, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini dilə gətiriblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре