Qan analizindən əvvəl siqaret çəkmək nəticələri təhrif edə bilər

Həkim-terapevt Anastasiya Polyakova bildirib ki, qan analizi verməzdən əvvəl siqaret çəkmək bəzi laborator göstəriciləri müvəqqəti dəyişdirərək diaqnozun dəqiqliyinə təsir göstərə bilər.

Day.Az xəbər verir ki, nikotin maddələr mübadiləsinə, damarların tonusuna və stress hormonlarının səviyyəsinə sürətlə təsir edir.

Mütəxəssisin sözlərinə görə, siqaret çəkildikdən sonra qanda leykosit və qlükoza səviyyəsi arta, adrenalin və kortizol kimi hormonların miqdarı dəyişə bilər. Bundan əlavə, siqaret qanın oksigenlə doymasını azaldır və bəzi analizlərin nəticələrini təhrif edə bilər.

Həkim əksər qan analizlərindən ən azı 1-2 saat əvvəl siqaret çəkməməyi tövsiyə edir. Nikotinə daha həssas göstəricilər, o cümlədən katexolaminlər və kortizol üçün aparılan analizlərdən əvvəl isə bu müddət 8-12 saat və ya daha çox ola bilər.