Avtomobillər üçün rəqəmsal pasport hansı müsbət nəticələri VERƏCƏK?
Avtomobillərlə bağlı rəqəmsal pasportun yaradılması məsələsi geniş müzakirələrə səbəb olub.
Day.Az-a açıqlamasında avtomobil məsələləri üzrə ekspert Raqif Raufoğlu deyib ki, bu çox faydalı olardı.
O, qeyd edib ki, avtomobil ölkəyə daxil olarkən onun haqqında əsas məlumatların qeydə alınması həm sonrakı satış prosesini asanlaşdırar, həm də məlumatların etibarlılığını artırar.
"Məsələn, avtomobil ölkəyə daxil olan zaman onun yürüş göstəricisinin qeyd edilməsi sonradan yürüşün geri çəkilməsi kimi halların qarşısını almağa kömək edər. Təəssüf ki, belə hallara hələ də rast gəlinir.
Bundan əlavə, avtomobilin tarixçəsini sonrakı mərhələlərdə də izləmək mümkün olsa, alıcılar daha düzgün və dolğun məlumat əldə edərlər. Məsələn, avtomobil hansı texniki xidmətlərdən keçib, hansı təmir işləri aparılıb və ya xaricdən, xüsusilə Amerikadan gətirilibsə, əvvəllər qəza keçirməsi, su altında qalması və ya digər zədələri barədə məlumatlar sistemdə mövcud olar. Bu məlumatlar avtomobil ölkəyə daxil olarkən qeydiyyata alınarsa, sonradan təmir edilsə belə, 3-5 il sonra satışa çıxarılanda da həmin tarixçəyə çıxış mümkün olar", - deyə o bildirib.
Eksert vurğulayıb ki, digər mühüm məsələ isə təhlükəsizliklə bağlıdır:
"Avtomobil haqqında vahid və izlənilə bilən məlumat bazasının yaradılması oğurluq, qanunsuz mənimsəmə və ya digər oxşar halların qarşısının alınmasına da ciddi töhfə verər. Belə bir sistem bu riskləri tam aradan qaldırmasa da, onların minimum səviyyəyə endirilməsinə imkan yaradar", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре