Metroda dəyişiklik fonunda nə gözlənilir? – Ekspert proqnozunu AÇIQLADI
Tədris ilinin başlanması ilə tıxacların hər il olduğu kimi artacağı proqnozlaşdırılır. Hazırda metroda müəyyən məhdudiyyətlərin, yəni "Nizami" və "28 May" stansiyaları arasında hərəkətin dayandırılmasını nəzərə aldıqda bunun təsirinin necə olacağı əsas suallardan biridir.
Day.Az-a açıqlamasında AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi "texnika üzrə fəlsəfə doktoru" Bulud Bağırov deyib ki, hazırda "28 May-Nizami" sahəsində qatarların hərəkəti dayandırılıb, əvəzində əlavə avtobuslar və 6 ekspres marşrut nəzərdə tutulub.
O, qeyd edib ki, yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sisteminə düşən yükün əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
"Bu il vəziyyəti bir qədər fərqləndirən əsas amillərdən biri isə metroda "28 May-Nizami" sahəsində tətbiq olunan məhdudiyyətdir. Metro şəhərin əsas sərnişindaşıma arteriyasıdır və sərnişinlərin müəyyən hissəsinin avtobuslara, taksilərə və şəxsi avtomobillərə yönəlməsi avtomobil yollarında əlavə yük yarada bilər.
Xüsusilə "28 May", "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" istiqamətlərində və bu stansiyalara alternativ olan küçə və prospektlərdə pik saatlarda sıxlığın artması mümkündür. Burada əsas risk ondan ibarətdir ki, metrodan yerüstü nəqliyyata keçən sərnişinlərin sayı artdıqca avtobusların hərəkət sürəti də tıxac səbəbindən aşağı düşə bilər.
Ona görə də problemin həlli yalnız əlavə avtobusların xəttə buraxılması ilə məhdudlaşmamalıdır. Pik saatlarda avtobusların hərəkət intervalı dinamik şəkildə tənzimlənməli, avtobus zolaqlarına nəzarət gücləndirilməli, svetoforların iş rejimi real nəqliyyat axınına uyğunlaşdırılmalıdır," - o deyib.
B.Bağırov vurğulayıb ki, digər mühüm məsələ məktəb və universitetlərin dərs saatlarının nəqliyyatın pik saatları ilə üst-üstə düşməsidir.
"Hazırda bir sıra universitetlər dərs qrafikini dəyişməyi nəzərdə tutmur. Buna görə ilk növbədə sentyabrın ilk həftələrində real nəqliyyat vəziyyəti monitorinq edilməli və ehtiyac yarandıqda operativ qərarlar qəbul olunmalıdır.
Mən hesab edirəm ki, qarşıdakı dövrdə əsas məqsəd avtomobillərin hərəkətini sürətləndirməkdən daha çox, insanları şəxsi avtomobildən ictimai nəqliyyata yönəltmək olmalıdır.
Metroda hazırkı məhdudiyyət gələcəkdə xətlərin ayrılması və sərnişindaşıma imkanlarının artırılması baxımından strateji layihədir. Lakin tikinti müddətində yaranan əlavə yükün düzgün idarə olunmaması qısamüddətli dövrdə Bakı yollarında tıxac problemini daha da kəskinləşdirə bilər," - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре