Gənclər qərarların hazırlanmasında tərəfdaş olmalıdırlar - UNESCO rəsmisi
Gənclər siyasətlərin yalnız faydalanan tərəfi deyil, həm də onların hazırlanması və həyata keçirilməsində tərəfdaş olmalıdırlar.
Trend-in müxbiri xəbər verir ki, bu fikirləri çərşənbə axşamı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik" mövzusunda keçirilən müzakirədə UNESCO-nun Baş direktorunun müavini Asa Regner deyib.
O bildirib ki, dünyada cəmiyyətlər arasında qarşılıqlı bağlılıq artsa da, dərin parçalanma hələ də qalmaqdadır.
"İnsanlar ətrafdakı bütün bu canlanmaya baxmayaraq, bəzən özlərini hər zamankından daha tənha hiss edirlər. Bu şəraitdə fərqli baxışları anlamaq, icmalar arasında etimad yaratmaq, insanları ortaq həllər və yeni ideyalar ətrafında bir araya gətirmək bacarığı mühüm əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
Asa Regnerin sözlərinə görə, gənclər bugünkü problemlərlə tək qalmaq və siyasətlər hazırlanarkən yalnız müəyyən məqamda məsləhətləşmə aparılan şəxslər kimi görünmək istəmirlər:
"Onlar həqiqətən qərarların verildiyi masada olmaq istəyirlər. UNESCO-da gənclərin - gənc qadınların və kişilərin - təşkilatın gördüyü bütün işlərin mərkəzində olmasını çox vacib hesab edirik".
Baş direktorun müavini bildirib ki, 2030-cu ildən sonrakı dövrdə təhsillə bağlı məsləhətləşmələr 194 ölkədən 200 mindən çox gəncin fikirlərini əhatə edib. Onların prioritetləri arasında məşğulluq imkanları, münaqişə şəraitində təhsil, rəqəmsal savadlılıq, əlçatan təhsil, yerli xalqların dilləri, gender stereotipləri və ayrı-seçkiliklə mübarizə yer alıb.
O qeyd edib ki, bu töhfələr 2027-ci ilin yazında Banqkokda keçiriləcək Qlobal Təhsil Görüşündə təqdim olunacaq, 2030-cu ildən sonrakı dövr üçün gənclərin təhsili və öyrənməsi gündəliyinin formalaşmasına kömək edəcək.
Asa Regner gənclərin iştirakının əməli fəaliyyətlə müşayiət olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, UNESCO-nun "Gənclər tədqiqatçı kimi" təşəbbüsü çərçivəsində 450-dən çox gənc təlim keçib. 2023-cü ildən UNESCO-nun Qlobal Gənclər Qrant Proqramı isə qrantlar və mentorluq vasitəsilə 240-dan çox gənc liderə və təşkilata dəstək verib.
O, "Sülh naminə gənclər" təşəbbüsünün ilk mərhələsində 50 gəncin 400-dən çox mentorluq sessiyasından faydalandığını, UNESCO-nun isə 48 yerli təşəbbüsə dəstək üçün yarım milyon ABŞ dolları ayırdığını deyib.
"Hazırda proqramın ikinci mərhələsinə başlayırıq. Bu mərhələ süni intellekt dövründə mədəniyyətlərarası dialoqa xüsusi diqqət yetirməklə daha 50 gənc lideri bir araya gətirəcək", - deyə Asa Regner əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре