https://news.day.az/azerinews/1877956.html Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 98 il ötür Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 98 il ötür Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan.

Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 98 il ötür

Azərbaycanca, 29 ноября 2026 15:27 (UTC +04:00) 244
Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 98 il ötür

Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm də görkəmli ictimai xadimi idi.

Day.Az xəbər verir ki, AZƏRTAC bu gün anadan olmasından 98 il ötən Azərbaycan və Rusiyanın Xalq rəssamı, Dövlət mükafatı laureatı, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü Tahir Salahovun ömür yolunun və yaradıcılığının əsas məqamlarına nəzər salır.

1928-ci il noyabrın 29-da Bakıda doğulan sənətkar 1937-ci il repressiyası qurbanının övladı kimi çətin uşaqlıq keçirib və bu sınaqlar onun şəxsiyyətinin formalaşmasına təsir göstərib.

1951-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirən Salahovun lakonik xətlər və dərin koloritlə seçilən əsərləri dünya təsviri sənətinin humanist inkişafına və müasir rəssamlıq klassikasına mühüm töhfə verib.

Görkəmli portret ustası olan rəssam yaradıcılığında insanı ön plana çəkir, ailəsi və dostlarını məhəbbətlə təsvir edir. "Aydan", "Alagöz şərq nağılı", anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın portret silsilələri, "Danın portreti" və "Rəşid Behbudovun portreti" bu səmimiyyəti və isti münasibəti əks etdirir.

"Növbədən qayıdanlar" və ya rəssama şöhrət gətirən tablo

Tahir Salahovun yaradıcılığında Azərbaycan neftçilərinə həsr olunmuş əsərlərin xüsusi yeri var; o, xatirələrində Neft Daşlarında neftçilərlə aylarla eyni yataqxanada qalaraq əməksevər obrazlarını orada tapdığını qeyd edir. Bu mövzuda ən məşhur əsəri "Sərt üslub"un ilk nümunələrindən sayılan "Növbədən qayıdanlar" diplom işidir.

Hindistana diplom praktikası səfəri atasının "xalq düşməni" damğası səbəbindən son anda ləğv edilən Salahov Neft Daşlarına gələrək iki ay neftçilərlə yaşayıb, Xəzəri, küləyi, qağayıları və gənc neftçilərin enerjisini müşahidə edib. Moskvaya qayıtdıqdan sonra əvvəlcə şəraitsiz məktəb emalatxanasında işləyib, müdafiəyə bir ay qalmış institutda boşalan emalatxanaya keçərək əsəri müdafiəyə cəmi bir həftə qalmış çəkməyə başlayıb. İlk baxışda kətanı boş görüb narazı qalan komissiya ikinci baxışda hazır əsərlə qarşılaşıb və tablo sosialist ölkələrinin sərgilərində böyük uğur qazanıb.

50-60-cı illərdə gənc rəssamlar sxematiklik və həddən artıq qrafiklikdə ittiham olunurdu; Salahovun "Rezervuar parkı" və "Neftçi" əsərləri də bəzi partiya üzvlərinə pessimist, qaranlıq və qarışıq görünüb, lakin onu SSRİ Rəssamlar İttifaqının sədri Sergey Gerasimov müdafiə edib.

Salahovun əsərləri bir çox dünya muzey və qalereyalarında, o cümlədən Tretyakov qalereyasında sərgilənir- bunlara "Vyana stulu ilə natürmort", "Nar gülləri ilə natürmort", "Aydan" və "Bəstəkar D.Şostakoviçin portreti" daxildir.

İki böyük uçuşun simvolu

Rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən "Sənə, Bəşəriyyət" əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi bu monumental əsərə görə Salahov ilk fəxri ada - Əməkdar incəsənət xadimi adına layiq görülür.

Əsərin mövzusu insanın kosmosa ilk uçuşu ilə eyni məzmun kəsb edərək rəssamın uzaqgörənliyindən xəbər verir. Həmin əsər böyük uçuşun simvoluna çevrilir. T.Salahov əsəri dünya tarixində insanın kosmosa uçuşundan bir neçə ay əvvəl artıq tamamlamışdı. Hansı ki, bu hadisənin olacağından xəbəri yox idi. Maraqlı təsadüfdür ki, əsər 1961-ci il aprelin 12-də ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Bu əsər rəssamın qəlbindəki optimist düşüncələri əks etdirir. O vaxtın bir çox tənqidçiləri əsərin birinci uçuşla bağlı olaraq sifarişlə çəkildiyini, müəllifin isə bu hadisədən əvvəlcədən xəbərdar olduğunu düşünürdülər.

Valentina Tereşkovanın kosmosa uçuşundan sonra bu fikirlər daha da gücləndi. Çünki əsərdəki ikinci obraz qadın idi və sanki Tereşkovanın kosmosa uçuşunu simvolizə edirdi. Beləliklə, rəssamın dahiyanə uzaqgörənliyi nəticəsində "Sənə, Bəşəriyyət" əsəri iki böyük uçuşun simvoluna çevrilib.

Rəssama medal qazandıran portret

Ötən əsrin 50-60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. "Sənə, Bəşəriyyət" tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan "Bəstəkar Q.Qarayevin portreti"nə görə gümüş medal mükafatına layiq görülür. T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçmişdir. Rəssam həmin məqamı belə xatırlayır: "Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki, "Uzunboğaz köynəyiniz varmı?". Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə olması mənim obrazım üçün münasib idi. Bir sözlə, gələcək portretimin rəng çalarlarını tapmışdım". Sonralar bu əsərə baxanlar həqiqətən də sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayırdılar.

Portretlərinin hamısı onun üçün əzizdir

Portret janrı Salahovun yaradıcılığında xüsusi yer tutur; o, əsərlərini zəhmətinə görə deyil, doğmalarına, sevdiyi insanlara və sənətkarlara görə sevdiyini deyir. Fikrət Əmirovun öz aləminə qapılmış portreti, şəxsiyyətinin aydın göründüyü Mirzə Ələkbər Sabirin portreti və daxili gərginliyin önə çıxdığı Rəsul Rzanın portreti bu janrın seçilən nümunələridir.

Salahov həm də teatr səhnə tərtibatlarının müəllifidir. "Antoni və Kleopatra", "Hamlet", "Aydın", "Babək", "Gülüstanda ölüm", "Koroğlu" və "Min bir gecə" tamaşa və baletlərinin dekorasiyalarını o hazırlayıb.

İctimai fəaliyyəti sayəsində geniş auditoriya dünya rəngkarlığı ilə yaxından tanış olub. 1980-ci illərin sonlarında Moskva və Sankt-Peterburqda Tamayo, Morandi, Günter Yukker, Frensiz Bekon, Tenqli və R.Rauşenberqin sərgilərinin təşkilində iştirak edib.

Vətənə və Xəzərə bağlılığı seçilən rəssam doğma Abşeronu, neftli torpağı, yel dəyirmanlarını, köhnə tikililəri, tərk edilmiş bağ evlərini, eləcə də din qadağası dövründə belə Bakı kəndlərindəki məscid və məbədləri sevgi ilə təsvir edib.

Sonrakı dövr əsərləri arasında "Heydər Əliyevin portreti", "Mstislav Rostropoviçin portreti", "Odlar yurdu" triptixi və "Yazıçı Anarın portreti" ilə yanaşı çoxsaylı peyzaj və natürmortları var; aparıcı portret ustası kimi bu əsərlərdə də insanı ali varlıq kimi ön plana çəkir.

Həyatı doğma Azərbaycana təmənnasız xidmətdə keçən bənzərsiz fırça ustası

Dövlət qayğısı ilə əhatə olunan Tahir Salahov bir çox ali mükafata layiq görülüb: Sosialist Əməyi Qəhrəmanı adını və keçmiş SSRİ-nin yüksək ordenlərini alıb, Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" (2-ci və 3-cü dərəcəli), müstəqil Azərbaycanın "İstiqlal" və "Heydər Əliyev" ordenləri, eləcə də Bolqarıstan, Polşa, Monqolustan və digər ölkələrin orden və medalları ilə təltif edilib.

2018-ci ildə 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev onu 1-ci dərəcəli "Əmək" ordeni ilə mükafatlandırıb və yubileyi münasibətilə sərgilər keçirilib.

Əsərləri dünya muzey və qalereyalarında nümayiş etdirilən Xalq rəssamı 2021-ci il mayın 21-də vəfat edib. Həyat və yaradıcılığını Azərbaycan mədəniyyətinə həsr edən Salahovun həm milli ənənələrin inkişafına, həm də dünya rəssamlığına töhfəsi daim xatırlanacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости