Millimizin “əli” olan REKORDLAR

Son gününü yaşadığımız 2024-cü ilin noyabrı Viktor Qyokereşin rekordları ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, İFFHS qarşısıalınmaza çevrilən isveçli hücumçunun bu ay imza atdığı rekordları açıqlayıb.

Bu rekordlarda Azərbaycan millisinin də "əli" olub. İsveç yığmasının və "Sportinq"in hücumçusu Millətlər Liqasının VI turunun oyununda komandamızın qapısına 4 top vurmaqla 6:0 hesablı qələbəyə və rekordlara damğa vurub.

Viktor 21-ci əsrdə bir təqvim ayında 3 het-trik (3 və ya daha çox) edən 11-ci futbolçudur. Amma Qyokereşin özəlliyi bunu fərqli turnirlərdə etməsidir. O, Portuqaliya çempionatı, Çempionlar Liqası və Millətlər Liqasında rəqiblərinə aman verməyib. İsveçli forvard 21-ci əsrdə bir ayda üç fərqli turnirdə bunu edən yeganə futbolçu kimi tarix yazıb.

Qyokereş çempionatın "Eştoril", Millətlər Liqasının Azərbaycanla oyunlarında 4 qol vurub. O, 21-ci əsrdə bir ayda iki dəfə "4+" qola imza atan 13-cü futbolçudur. Yenə amma...

Viktor ay ərzində həm milli komanda, həm klubda poker (4 və ya daha çox qol) edən yeganə oyunçu kimi 21-ci əsrə damğasını vurub. Düzdür, ay ərzində ardıcıl 2 matçda bunu edənlər və ya iki görüşdə 11 top (4+7) vuranlar olsa da, həmin oyunçular hər iki məhsuldar görüşü eyni komandada - ya milli, ya klubda keçiriblər.

Qeyd edək ki, Viktor noyabrın 1-də "Sportinq"in heyətində "Eştrela"ya (5:1), 18 gün sonra İsveç millisində Azərbaycan yığmasına (6:0) 4 qol vurub. O, Çempionlar Liqasının ayın 5-də baş tutan görüşündə "Mançester Siti"nin (4:1) qapısına üç dəfə yol tapıb.