Ağdam yeni iqtisadi mərkəzə çevirilir - 17 qat artım var
Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə, Şərqi Zəngəzurun iqtisadiyyatı isə 30 dəfə böyüyərək 4 milyard manatı ötüb. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün indiyədək dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb, bu ərazilərin iqtisadiyyata reinteqrasiyası və yeni iqtisadi inkişaf mərkəzlərinə çevrilməsi prosesi davam edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, oktyabr ayında işğaldan azad edilmiş dörd rayonun şəhər günləri qeyd olunur. Üç gün əvvəl Zəngilanda keçirilən şəhər günündən iki gün sonra Qubadlıda da şəhər günü qeyd ediləcək.
O qeyd edib ki, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın formalaşması və reinteqrasiyası prosesi intensiv şəkildə davam etdirilir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində uzun müddət işğal altında qalmış və tamamilə dağıdılmış ərazilər yenidən bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir.
V.Bayramovun sözlərinə görə, indiyədək işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb.
"Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Bu, bir daha Azərbaycanın gücünü təsdiq edir", - deputat bildirib.
O vurğulayıb ki, son illərdə həm Qarabağın, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb. Zəfərdən sonra Qarabağın iqtisadiyyatı dörd dəfə böyüyüb.
Deputatın sözlərinə görə, Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat olduğu halda, hazırda bu göstərici 6 milyard manata çatıb.
O diqqətə çatdırıb ki, Qarabağ iqtisadi rayonu yalnız işğaldan azad edilmiş əraziləri əhatə etmir. Bununla belə, işğaldan azad olunan və bərpa edilən ərazilərdə xüsusi iqtisadi inkişaf müşahidə edilir.
V.Bayramov qeyd edib ki, 2025-ci ildə Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 17,4 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə iki dəfə artım qeydə alınıb.
Deputat bildirib ki, Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya da daxil olmaqla geniş coğrafiyaya ixrac olunur.
O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ iqtisadiyyatının reinteqrasiyası prosesi daha da sürətlənib. Zəfərdən sonra həyata keçirilən yenidənqurma və bərpa işləri nəticəsində Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyüb.
"İnşaat sektorundakı canlanma iqtisadiyyata yeni dəyər qatmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına da xidmət etməkdədir", - V.Bayramov vurğulayıb.
Deputatın sözlərinə görə, iki gün sonra şəhər gününü qeyd edəcək Qubadlı rayonunun da daxil olduğu Şərqi Zəngəzurun iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoyub. Zəfərdən sonra bu iqtisadi rayonun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib.
O bildirib ki, 2020-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat təşkil edib. Hazırda isə regionun 100 milyon manatlıq sənayesi və 170 milyon manatdan çox aqrar sektoru formalaşıb.
V.Bayramov qeyd edib ki, Qarabağda olduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonunda da geniş tikinti işləri aparılır və burada tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşır.
Deputatın fikrincə, Qarabağ Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir. Bu proses eyni zamanda Azərbaycan iqtisadiyyatının dayanıqlığının gücləndirilməsinə və iqtisadiyyatın diversifikasiyasının dəstəklənməsinə xidmət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре