https://news.day.az/azerinews/1875784.html Müqaviləsiz kirayə bu riskləri yaradır - Həm ev sahibi, həm də kirayəçi nələri BİLMƏLİDİR? Mənzilin rəsmi müqavilə olmadan kirayəyə verilməsi həm ev sahibi, həm də kirayəçi üçün maliyyə və hüquqi risklər yaradır. Şifahi razılaşma ilə başlayan münasibətdə mübahisə yarandıqda aylıq kirayə haqqını, ödəniş tarixini, depozitin qaytarılması şərtlərini və mənzilin nə vaxt boşaldılmalı olduğunu sübut etmək çətinləşir.

Müqaviləsiz kirayə bu riskləri yaradır - Həm ev sahibi, həm də kirayəçi nələri BİLMƏLİDİR?

Azərbaycanca, 20 ноября 2026 12:55 (UTC +04:00) 307
Müqaviləsiz kirayə bu riskləri yaradır

Mənzilin rəsmi müqavilə olmadan kirayəyə verilməsi həm ev sahibi, həm də kirayəçi üçün maliyyə və hüquqi risklər yaradır. Şifahi razılaşma ilə başlayan münasibətdə mübahisə yarandıqda aylıq kirayə haqqını, ödəniş tarixini, depozitin qaytarılması şərtlərini və mənzilin nə vaxt boşaldılmalı olduğunu sübut etmək çətinləşir.

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib ki, ev sahibi üçün əsas risk ödənilməmiş kirayə haqqını və mənzilə vurulan zərəri sübut etməkdir.

"Tutaq ki, kirayəçi mənzili boşaldıb, iki aylıq kirayə haqqı və kommunal borc qalıb. Rəsmi müqavilə, ödəniş qeydləri və təhvil-təslim aktı olmadıqda borcun məbləğini müəyyənləşdirmək çətinləşir. Eyni problem mənzilə dəyən zərərlə bağlı da yaranır. Mənzilin təhvil verildiyi vəziyyət sənədləşdirilməyibsə, qüsurun nə vaxt yarandığı mübahisə mövzusuna çevrilir.

Kirayəçi üçün isə əsas risk mənzildə hansı müddətə və hansı qiymətə qala biləcəyinin qeyri-müəyyən olmasıdır. Ev sahibi kirayə haqqını artırmaq və ya mənzilin qısa müddətdə boşaldılmasını tələb etmək istəyə bilər. Bu halda kirayəçinin əlində ilkin razılaşmanı təsdiqləyən sənədin olması vacibdir. Depozit və nağd ödənişlər də ayrıca risk yaradır. Məsələn, 600 manat depozit verilibsə, həmin məbləğin nə vaxt qaytarılacağı və hansı hallarda ondan tutulma edilə biləcəyi müqavilədə göstərilməlidir", - o deyib

Vüqar Oruc qeyd edib ki, kirayə münasibətlərinin rəsmiləşdirilməsi bazarda faktiki qiymətlər barədə daha etibarlı məlumatın formalaşmasına da kömək edir.

"Elan qiyməti ev sahibinin tələb etdiyi məbləği, müqavilə qiyməti isə tərəflərin faktiki razılaşdığı məbləği göstərir. Bu fərq mənzilin kirayə potensialı və investisiya gəlirliliyi qiymətləndirilərkən əhəmiyyət daşıyır.

Vergi məsələsi də nəzərə alınmalıdır. 2026-cı il yanvarın 1-dən fiziki şəxsin öz mənzilini digər fiziki şəxsə kirayəyə verməsindən əldə etdiyi gəlirə 10 faiz vergi tətbiq olunur. Məsələn, aylıq kirayə haqqı 600 manatdırsa, həmin gəlir üzrə vergi 60 manat təşkil edir. Yazılı müqavilənin olmaması vergi öhdəliyini aradan qaldırmır", - o bildirib. 

Sədr vurğulayıb ki, açarlar təhvil verilməzdən əvvəl kirayə haqqını, müddəti, depoziti, kommunal və təmir xərclərini, qiymətə yenidən baxılması və müqaviləyə xitam verilməsi qaydasını yazılı şəkildə razılaşdırılmalıdır.

"Mənzilin vəziyyətini və sayğac göstəricilərini təhvil-təslim aktında qeyd etsinlər. Ödəniş bankla aparılırsa, köçürmənin təyinatında aid olduğu ay göstərilsin. Nağd ödəniş zamanı isə imzalı qəbz alınsın. Bu sənədlər mübahisə yarandıqda hər iki tərəfə öz tələbini əsaslandırmağa imkan verir", - o yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости