Skuter və velosiped sürənlər bunları MÜTLƏQ BİLMƏLİDİR - 200 MANATADƏK CƏRİMƏ RİSKİ
Mikromobillik baxımından skuter və velosipedlər artıq dünyanın bir çox yerində, eləcə də ölkəmizdə əlçatan nəqliyyat vasitəsi kimi istifadə olunur. Lakin bir çoxunun bilmədiyi vacib qaydalar mövcuddur. Hansı ki, həmin qaydalar bilərəkdən və ya bilməyərəkdən pozulduqda cərimə ilə nəticələnə bilər.
Belə ki, Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna əsasən, velosiped və kiçik elektrik nəqliyyat vasitəsi hesab olunan skuterləri yalnız 14 yaşdan yuxarı şəxslər idarə edə bilər. Bu sürücülər hərəkət zamanı mütləq onlar üçün ayrılmış xüsusi mikromobillik zolaqları (velosiped yolları) ilə getməli, belə zolaqlar olmadıqda isə yolun sağ kənarı ilə hərəkət etməlidirlər. İdarəetmə zamanı sükanı tutmadan sürmək, svetoforun və yol nişanlarının tələblərini pozmaq, səki ilə gedərək piyadalara maneə yaratmaq, skuterlə sərnişin daşımaq və kaskasız (motodəbilqəsiz) hərəkət etmək birmənalı olaraq qadağandır.
Həmçinin sürücülər sürət həddini elə tənzimləməlidirlər ki, qəfil maneə çıxdıqda vasitəni təhlükəsiz şəkildə dayandıra bilsinlər.
Qanunvericiliyin tələblərini pozan skuter və velosiped sürücüləri üçün İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən müxtəlif məbləğlərdə cərimələr müəyyən edilmişdir. Svetofora tabe olmamaq, zolaq qaydalarını pozmaq, sükanı buraxmaq, piyadalara mane olmaq və sərnişin daşımaq kimi standart qayda pozuntularına görə 40 manat cərimə tətbiq olunur.
Əgər törədilən xəta nəticəsində kiməsə yüngül xəsarət yetirilərsə və ya maddi ziyan vurularsa, cərimə 100 manatdan 150 manatadək artır. Skuter və ya velosipedi xüsusi parklanma yerlərindən kənarda saxladıqda 10 manat cərimə kəsilir. Sürücü nəqliyyat vasitəsini alkoqol, narkotik və ya psixotrop maddələrin təsiri altında (sərxoş halda) idarə etdikdə isə cərimənin məbləği 200 manat təşkil edir.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре