Azərbaycan beynəlxalq arenada fəal və müstəqil rol oynayır - Macarıstan səfiri
Azərbaycan beynəlxalq arenada fəal və müstəqil rol oynayır, iqlim dəyişikliyi, dayanıqlı şəhərlərin inkişafı, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun gücləndirilməsi kimi mühüm məsələlərin həllinə töhfə verir.
Day.Az Trend-ə istinadən bildirir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torman çərşənbə axşamı Macarıstanın Milli Günü və 1956-cı il Macarıstan inqilabının 70-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tarixi də Macarıstanın tarixi kimi böyük dövlətlərin ambisiyalarının təsiri altında formalaşıb.
"Bu təcrübə Azərbaycanın müstəqilliyə və suverenliyə nə üçün böyük əhəmiyyət verdiyini anlamağa kömək edir", - deyə diplomat bildirib.
"Tarixlərimiz fərqli ola bilər, lakin hər iki xalq xarici hökmranlıqla bağlı çətinlikləri yaxşı bilir və öz gələcəyini müstəqil şəkildə müəyyən etmək əzmindədir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan beynəlxalq birliyin güclü və hörmətli üzvüdür", - o deyib.
T. Torma həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və nəqliyyat və enerji əlaqəliliyinin inkişafına dair beynəlxalq layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Şərqlə Qərb arasında strateji mövqeyini qeyd edib.
Səfirin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və təhlükəsizliyin təşviqinə töhfə vermək üçün strateji mövqeyindən istifadə edir.
"2023-cü ildə Macarıstan və Azərbaycan strateji tərəfdaşlıqlarını möhkəmləndiriblər. Bu yaxınlarda Macarıstanın xarici işlər naziri Peter Siyarto Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Həmin vaxtdan bəri enerji sahəsində daha bir neçə görüş keçirilib. Biz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığımızı davam etdiririk", - diplomat bildirib.
Onun sözlərinə görə, Macarıstanın MOL və MVM şirkətləri Azərbaycanda neft, qaz kondensatı və təbii qaz hasilatı üzrə iri layihələrdə paylar əldə ediblər.
"Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları investisiya yatıran Macarıstan ölkənin ən mühüm investorlarından birinə çevrilib", - deyə T. Torma qeyd edib.
O əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq bərpaolunan enerji sahəsini də əhatə edir. Macarıstan və Azərbaycan yaşıl enerji dəhlizi layihəsində iştirak edirlər, MVM şirkəti isə "Şəfəq" Günəş Elektrik Stansiyasının səhmdarıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре